24 Kasım 2012 Cumartesi

IMAM HÜSEYNİ TANIYIRIQMI ?



         HIND XALQI  O, ZAMAN AZAD OLACAQ Kİ,  İMAM  HÜSEYN MÜBARİZƏSİNİ   ÖYRƏNƏCƏK. ( Mahatma Qandi)

 Bəlkədə bu barədə yazı yazmağım dogru deyil. Çünki hər kəs öz bildiyi sahədən yazsa yaxşıdır. Son vaxtlar Aşura mərasiminin  keçirilməsinin əleyhinə sosial şəbəkələrdə gedən bəzi fikirlərə aydınlıq gətirmək üçün bəzi düşüncələrimi yazmaq qərarına gəlldim. Mən İslam alimi deyiləm, amma bir müsəlman kimi başa düşdüklərimi bu günkü günlə oxşar formada anlatmaq istəyirəm.
Bildiyimə görə İmam Hüseyn zamanında hakimiyyətdə olan Əməvi xəlifələri Müaviyə ibn Əbu-Süfyan və hakimiyyətdə onu əvəzləmiş oglu Yezid ibn Müaviyə (Allah hər ikisinə lənət eləsin) üzdə islam xəlifələri olsalarda apardıqları siyasət nəticəsində ölkədə İslamdan əsər əlamət yox idi. Bu zalımların başı əyyaşlığa, arvadbazlığa və ən əsası  toxunulmaz sayılan (bəlkədə toxunulmaz deyildi amma mən belə hesab edirəm) beytül malı, yəni bu günkü dillə desək büdcəni talamağa qarışmışdı. Xalqın pulu sanki düşmən malı kimi kef məclislərinə bahalı qəbullara sərf olunurdu (bax əliyevlərin Fransada, İtaliyada, İngiltərə,ABŞ və başqa ölkələrdəki qəbul və qonaqlıqlarına).
   Xalq bu haqsızlıqdan dəhşətə gəlirdi. Dəbdəbəli həyat sürən Əməvilərdən fərqli olaraq xalq acınacaqlı vəziyyətdə yaşayırdı. Lakin etiraz etməyə cəsarəti (imanı) çatmırdı. Alimlərdən etiraz edən ya yox idi yada qeyrətə gəlib səsini çıxaranların özü və ailə üzvləri müxtəlif təzyiqlərə məruz qalırdı. (Azərbaycan ziyalılarının bu günkü vəziyyətinə bax).
   Əhali yeganə ümid yeri kimi bu günkü dillə desək dini-siyasi müxalifət lideri İslam Peyğəmbərinin nəvəsi, Həzrəti Əlinin oglu İmam Hüseyni görürdü. Və xalq bu gümanında yanılmamışdı. Kufə əhalisinin çağırışı ilə ora gedən İmam Hüseyn əvvəl ətrafına böyük ordu yığsada sonradan 72 nəfər sadiq tərəfdarı ilə şəhidlik şərbətini içdi.Ən yaxın admları, ailə üzvləri İslam yolunda canlarını fəda etdilər.
   Həmin dövrdə uzun illər boyu Əməvi xəlifələri məscidlıərin minbərlərindən Həzrəti Əli və İmam Hüseynə lənət oxutdururdular,özlərini isə ümumilli lider kimi təqdim edirdilər. Məscidlərin minbərini Əməvilər Az.Tv-yə  Lider kanalına döndərmişdilər. Bir necə il belə davam edəndən sonra İmam Hüseynin Kərbəla müsibəti zamanı azyaşlı və xəstə olduğu üçün sağ qalan oğlu 4-cü İmam Əli ( xalq arasında daha cox Zeynalabidin və ya İmam Səccad kimi tanınır) bu məsələyə son vermək qərarına gəlir.
   İmam Zeynalabidin öz tərəfdarlarını toplayaraq bəlkədə tarixdə ilk dəfə dinc siyasi mübarizənin əsasını qoyur. Beləki bu günkü anlamda Kufə şəhərində Məhərrəm ayında tərəfdarları ilə bərabər  nümayiş (yürüş-mitinq) təşkil edərək İmama Rəhmət, Yezidə, Müaviyəyə və zalımlara lənət şüarları səsləndirməklə şəhərin küçələrini dolaşmışlar. İnsanlar uzun illər ərzində onlara rəsmi təbliğatın din düşməni kimi tanıtdığı şəxslərə yas saxlamaqla eslində rəsmi təbliğata inanmadıqlarını, o cür təbliğat aparanların özlərinə nifrət etdiklərini bəyan etmişlər.
   Soruşa bilərsiniz ki, bəs insanlar niyə başlarını yarırlar, özlərinə xətər yetirirlər?
Həmin vaxtlarda da indi olduğu kimi asayişi qoruyan qüvvələr (polis,ordu) vardı. Və hakimiyyətdə olan kriminal qrup dinc nümayiş xəbərini alan kimi İmam  Zeynalabidin və tərəfdarlarının üzərinə "asayiş keşikçilərini" göndərdi. Lakin öz qardaşları ilə qarşıdurma istəməyən öz əqidəsi uğrunda canından keçməyə hazır olan xalq  "asayiş keşikçiləri"  onlara tərəf gələrkən irəli çıxıb onlardan qabaq xəncər və ya başqa bir şeylə öz başlarına zərbə vurmaqla, özlərini döyməklə zalıma meydan oxudular. Və zalım xəlifəyə sən bizə vurmaq istədiyindəndə artıq zərbəni özümə vururam və səndən qorxmuram mesajını verdilər.
   Məhz Həzrəti Əli, İmam Hüseyn tərəfdarlarının Əməvilər və Abbasilər dövründə hər ilin Məhərrəm ayında bu nümayişi keçirməkləri sonradan sinxronlaşaraq bir adət-ənənə halını aldı və bu günə qədərdə davam edir.
Bizim burdan çıxaracağımız əsas nəticələr isə bunlardı.
1. İmam Hüseyn tarixdə ilk dəfə haqsızlığa, ədalətsizliyə qarşı çıxaraq, bütün al-ver təkliflərini rədd edərək, əvvəlcədən məğlub olacağını, özünün və övladlarının şəhid ediləcəyini bildiyi halda haqq yoldan dönməmiş və əslində qalib gəlmişdir.
2.Xalqımıza qarşı törədilmiş 20 yanvar, Xocalı və digər faciələrlə yanaşı, Bəşəriyyətin faciəsi olan İmam Hüseyn müsibətinidə qeyd etməliyik. Bunları üz-üzə qoymamalıyıq.
3. Aşura mərasiminin bir siyasi aksiya olduğunu dərk etməliyik. Dinc, qorxmazcasına və davamlı mübarizənin mütləq qalib gələcəyinə inanmalıyıq.
4.Haqq ədalət yolunda İmam Hüseyn kimi hər məhrumiyyətə hazır olmalıyıq.










22 Kasım 2012 Perşembe

BƏŞƏRİYYƏT ÖZ KEÇMİŞİNDƏN GÜLƏ-GÜLƏ AYRILACAQ!

Başlıqdakı fikir Karl Marksa aiddir. Amma məni solçuluqda ittiham etməyə hələ tələsməyin. Həqiqəti əgər düşməndə desə qəbul etmək tərəfdarı olanlardanam. Hərçənd ki, Karl Marksı düşmən hesab etmirəm. Və sözümün canıda solçuluq haqda plemika açmaq deyil.
   Xalqımızın en böyük mütəfəkkirləridə öz dövrünün eyiblərini düzəltmək üçün cəmiyyətdə olan eybəcərlikləri  tənqid etməklə yanaşı onları gülüş hədəfinə cevirmişlər. Təkcə 20-ci əsrin əvvəllərində çıxan Molla Nəsrəddin jurnalı buna ən bariz nümunədir. Lakin demək istədiyim heç buda deyil.
   Ötən əsrin sonlarında daha dəqiq desək 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatı öz spesifikliyi ilə seçilirdi. Buda onunla bağlıydı ki, bu həmdə bir xalq hərəkatıydı. Hərəkatda hər cür insan varıydı. Və bu müxtəlif düşüncəli insanlarda hər biri öz bacardığı şəkildə hərəkata dəstək verirdi.
   Xalq yaradıcılığı işə düşmüşdü. Biri şeir yazırdı, biri meyxana deyirdi, biri karikatura çəkirdi, biri lətifə qoşurdu və sair. Və bütün bu proseslər kimin nə deməyindən asılı olmayaraq ölkənin müstəqilliyi ilə sonuclandı.
   Lakin müstəqillik əldə olunandan sonra siyasi prosesin əsas oyuncuları rolunu siyasi partiyalar üzərinə götürdü. Uzun müddət xalq yaradıcılığının müxtəlif janrları siyasilər tərəfindən yumşaq desək ciddi qarşılanmırdı. Xalq ya zəlzələdən ya vəlvələdən siyasi proseslərdən uzaq düşmüşdü. Amma ərəb baharından ruhlanan xalqmız yenidən siyasi proseslərə aktiv qoşulmağa başladı. Bu qoşulmanı stimullaşdıran əsas alətlərdən biridə sosial şəbəkəlrdi.
   Xalqın iştirakını göstərən əsas faktlardan biri bəlkədə birincisi budur ki, hərəkat dövründə olduğu kimi indidə hər kəs öz bacardığı şəkildə kömək edir. Coxlu sayda qocalı-cavanlı şairlər meydana gəlib ki, bunlar öz şeirləri, həcvləri ilə bu günkü hakimiyyətin iç üzünü daha başa düşülən dildə açıb göstərirlər. Fikrim var ki, hər sahədən bir nümunə verim. Məsələn İlham Hüseyn adlı cəbhəci gəncin öz blogunda yayımladığı Cərimə adlı şeirindən bir kupletə baxaq.  Blogun linki burada http://ilhamhuseyn.blogspot.com/2012/11/crim.html
Biraz da ağırlaşdırın
Balaca bir qəzadı bu
Sizə nifrət edənlərə
Vallah yüngül cəzadı bu

Gənclər (yaşlılar arasındada belələri var amma gənclər üstünlük təşkil edir) öz tvitlərində və statuslarında hakimiyyəti ələ salır, gülüş hədəfinə çevirir. Məsələn dünəndən bəri davam edən Əbülfəz Qurbanlı Aydın Mirzəzadə polemikasında yaxa yırtan bir YAP-çıya Orxan Rza bele cavab verir

 İsbandiyar bəy, siyasəti boş verin, playstationla aranız necədi?

   Xeyli sayda insan hər gün yeni lətifələr qoşurlar. Bəzən fb-a girəndə hamımız bu yazıları oxuyub gülürük. Bunlardan misal olaraq Seymur Həzinin dünən paylaşdığı bir lətifəyə baxaq.
Hakim:
-Alo, buna nə maddə qoyaq?
Vilayət Eyvazov:
-İndi mən də dəqiq bilmirəm, deyiləni gətirsələr yüngül bir şeylə yola ver, burax, olmasa, nalla getsin...

  

Deməyim odur ki, xalq artıq ciddi surətdə gülməyə başlayıb. Buda onunla əlaqəlidir ki, ya məhşur lətifədə deyildiyi kimi artıq itirməyə bir şeyi qalmayıb yada artıq hakimiyyəti ciddi qəbul etmir. Hakimiyyətin hər bir addımı cəmiyyətdə yeni şeirlərin yazılmasına, bayatı, qoşma və  lətifələrin qoşulmasına, karikaturaların cəkilməsinə səbəb olur.
Bu günlərin ən maraqlı debatlarından biridə parlamentin zoopark ve ya zoosirk adlandırılması ilə baglı olub. Artıq məhşur deyimdə deyildiyi kimi, cin şüşədən çıxıb. Yuxarılar əvvəlki qaydayla idarə edə bilmir aşağılar isə köhnə qayda ilə yaşamaq istəmir. Ən əsası isə bir daha qeyd edirəm ki, bunu gülə-gülə ifadə edir.















3 Kasım 2012 Cumartesi

DİNC LAKİN KÜTLƏVİ MÜBARİZƏ

Bu günkü siyasi situasiyanı tehlil edərkən belə qənaətə gəlirəm ki, İlham Əliyev ve rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası tam tükənib. Xalq arasında olan-qalan hörmətini, etimadınıda itirib. Yəqin razılaşarsız ki, H.Əliyev hakimiyyətdə olduğu dövrdə bütün mənfiliklərinə baxmayaraq xalqın müəyyən hissəsinin dəstəyinə malik idi. Cəmi  bir neçə il əvvələ qədər ölkə əhalisinin təqribən 20 faizi H.Əliyevi  aktiv şəkildə müdafiə edirdi. Müxalif fəallar müxtəlif söhbətlərdə, görüşlərdə Əliyevlərin korrupsiya əməllərindən, ölkəni bir klanın əsirinə çevirməsindən danışanda xüsusən yaşlı adamların müqaviməti ilə rastlaşırdılar.

Etiraf olunmalıdır ki,  İlham Əliyev  hakimiyyətə yeni gəldiyi illərdə də xeyli adamın dəstəyinə   güvənə bilərdi. Xeyli adam düşünürdü ki, atası KQB generalı olsada oğul Əliyev yağ içində böyrək kimi böyümüş, yeyib-içən, kefqom oglandır.  Stalnçi KQB generalından fərqli olaraq o çörəkverən,  mehriban, islahata meyilli birisidir.
  Nəzərə alsaq ki, H.Əliyev ömrünün son iki ilini yaşlanması və vaxtının xeyli hissəsini xəstəxanalarda keçirməsi  ilə əlaqədar ölkədə  kəndirlər xeyli boşalmışdı. Və təbii olaraq təcrübəsiz İlham Əliyevin hakimiyyətinin ilk illərində boşalmış kəndirləri bir əldə toplayıb yığmaq xeyli vaxt apardı. Həmin dövrdə ölkədə neft hasilatının artması və neftin  qiymətinin dünya bazarında bahalaşmasıda əhalinin güzaranına müsbət  təsir göstərmişdi. Müvəqqəti boşluqdan istifadə edən biznes dairələri ölkədə tikinti sektorunun inkişafına xeyli vəsait sərf etdi. Şəhərin mərkəzinə yaxın hissələrdə (Nəsimi bazarı, Təbriz küçəsi ve s.) əhalidən yaşadıqları mənzillərin bir kvadrat metrini 3.500-4000 ABŞ dollarına alan biznesmenlər əhalinin bir hissəsində böyük məbləğdə pulun əldə olunmasına ve yeni iş yerlərinin açılmasına təkan verdilər.
  Lakin buda uzun çəkmədi. 2008-ci ildən başlayan iqtisadi böhran və Əliyev ailəsinin artan iştahı qısa müddətli ümidlərində sonuna çıxdı. Tez-tez ölkə mediasında müxtəlif holdinqlərin təzyiq yolu ilə Əliyevlər ailəsinin nəzarətinə keçməsi haqda xəbərlər dolaşmağa başladı. 2011-ci ilin aprel ayinda dünyaca məhşur Vaşinqton Post qəzetində Əliyevlərin  Dubay villaları haqda məqalə isə Avrora Kreyserindən  açılan yaylım atəşinə bənzədi. Bundan sonra ölkə və dunya mediasını Əliyevlərin korrupsiya layihələri, saysız-hesabsız mənşəyi məlum olmayan (əslində olan) mülklər haqda məqalələr işıq üzü görməyə başladı. Azalbankın qanunsuz özəlləşdirmə nəticəsində Silkvaybanka çevrilərək hakim ailənin nəzarətinə keçməsi, Azal dövlət konserninin əksər obyekt və xidmətlərinin hemin holdinq tərəfindən mənimsənilməsi, Kapital bankın,ATA holdinqin, Azerfon mobil operator şirkətinin, 2.5 milyardlıq ehtiyatı olan Covdar qızıl yatağının hakim ailəyə məxsus olmasıda  Azenko dövlət şirkətinin gizli yolla dəyərinin 1.3 faizi ödənilməklə mənimsənilməsi, iri layihələrin tender keçirmədən ailəyə məxsus şirkətlərə verilməsidə faktlarla, sənədlərlə subuta yetirilən məqalələrdə əksini tapırdı.
   Hakim ailə tam ifşa olunmuş vəziyyətdədir. Fransada mühacir həyatı yaşayan ABU-nin rektoru  Elşad Abdullayevin Milli məclisin deputatı  Gülər Əhmədova haqda kasetləri ortaya qoyması isə kasanı daşdıran  son damla oldu.
  Və ən əsası odur ki, bu gün Azərbaycan xalqı hakmiyyətdə olanların oğru, quldur, cinayətkar olduğunu bilir. Elə hakimiyyətdə olanlarda bilirlər ki, Azərbaycan xalqı onların oğru, quldur və cinayətkar olduğunu bilir. Və onuda bilirlər ki, xalqin əlinə imkan düşsə bunların dərisinə saman təpəcək.
  Buna görədə xalqla hakimiyyət arasından pərdə tam olaraq götürülüb. Xalq olaraq biz onlara siz oğrusunuz deyirik. Onlarsa cavabında deyirlər yaxşı eliyirik.Deyirik siz quldursunuz, xalqın əmlakını talan edirsiniz, deyirlər lap ele əccəb edirik.
  Bizim üzərimizə düşən vəzifə nədir? Məhşur Bəyin oğurlanması filmində bir epizod var. Kəndlilər gəlirlər rejissorun yanına ve deyirlər ya hamımız gedib oturmalıyıq İsrafilin elçi daşının üstündə qızı almalıyıq, yada elçi daşın götürüb çırpırıq İsrafilin başına.
Bununsa açması budur ki, ya biz xalq olaraq kütləvi surətdə meydanlara çıxaraq danışıqlar yolu ilə,dialoq yolu ilə seçkilərdə hakimiyyəti  dinc təhvil verməyə razı salmalıyıq. Yada ki, proseslər dinc məcradan cıxıb Quba üsyanı formasında cərəyan edəcək.