31 Aralık 2012 Pazartesi

DAŞLARIN DA DİLİ V A R


On gün bundan əvvəl 21 dekabrda görkəmli şərqşünas alim, vaxtilə AMEA-nın vitse- prezidenti AMEA Şərqşünaslıq İnsitutunun direktoru vəzifələrində çalışmış Sovet İttifaqı Qəhrəmanı , akademik Ziya Bünyadovun 89 illiyi idi.

Lakin bu dəfə nə görkəmli akademikin elmi əsərlərindən nədə ki, qəhrəmanlıqlarından danışacam. Məni həmişə düşündürən qəbir üstü abidəsi haqda yazacam. 

Memar Ömər Eldarovun müəllifi olduğu bu qəbir üstü abidə bu tipli bütün abidə və heykəllərdən fərqlənir. Abidəyə baxmaqla hətta Ziya Bünyadovu tanımayan bir əcnəbidə onun kimliyi haqda bu həyatda kim olduğu, necə od-alovdan kecdiyi, nece alim olduğu, nece öldürüldüyü haqda bilgi ala bilər.
Abidəyə baxarkən görkəmli akademik Ziya Bünyadovun inamla irəlilədiyi diqqəti cəlb edir. Qarşı tərəfdən əsən küləklər onun saçlarını və paltosunu dalğalandırır. Bu da akademikin axına qarşı getdiyini, sıradan biri olmadığını, haqq ədalət carçısı olduğunu göstərir. Akademikin sol əlində yarım açılı  kitab var ki, bu da şəxsin elmə bağlı biri olduğunu simvolizə edir.
   Ziya Bünyadovun sağ və sol tərəfində təxminən özü hündürlükdə daş parçaları var. Sağdakı daşın üzərinə 1941 soldakı daşın üzərinə isə 1945 rəqəmi həkk olunub. Hər iki daşda çoxlu sayda güllə oyuqları var. Bu isə Sovet İttifaqı Qəhrəmanı olan alimin ən çətin sınaqlardan mətanətlə keçdiyini, 1941-1945-ci illərdə olmuş Böyük Vətən Müharibəsinin (mən hələdə bu müharibəni Böyük Vətən Müharibəsi hesab edirəm) qəhrəmanlarından olduğunu göstərir. Lakin əsərin ən maraqlı fraqmentlərindən biri böyük alimin sol ayağının altındakı daşdan qıvrılaraq qalxan, ayağına dolanaraq onu xaincəsinə çalan ilandır.
    Ən çətin sınaqlardan çıxan alim sonda həqiqətəndə xəyanətin qurbanı oldu. Onun ölkədəki korrupsiyanı parlament tribunasından dilə gətirməsi, Müdafiə Nazirliyində 100 milyon dollarlıq yeyintidən danışması, əsgərlərin hospitallarda distrofiyadan (az qidalanmadan) ölməsi haqda faktları mətbuata çıxarması, Heydər Əliyevdən ölkədəki tayfabazlığa son qoymağı tələb etməsi böyük insanın yaşadığı evin blokunda xaincəsinə quraşdırılmış bir qəsd nəticəsində öldürülməsi ilə nəticələndi. Ziya Bünyadov elə bir şəxsiyyət idi ki, Əliyevin KQB-rejimi onun haqqında heç bir ifşaedici fakta malik deyildi. Ve heç bir böhtan ona yapışmırdı. Baxın desələr ki, Ziya Bünyadov savadsızdır buna kim inanardı? Bütün ölkə bilirdi ki, ölkəmizin tarixinin öyrənilməsində və yazılmasında ən çox xidmətləri olan məhz odur. Desəydilər ki, Ziya Bünyadov qorxaqdır bəs buna kim inanardı? Adam Sovet İttifaqı Qəhrəmanı idi. Və azsaylı şəxslərdən idi ki, bu adı cərimə batalyonunda almışdı.
   Bu abidəni dəfələrlə görsəmdə hər dəfə ora yolum düşəndə yenə bir neçə dəqiqə tamaşa edirəm.  Böyük rəssam və heykəltəraş Ömər Eldarov gələcək nəsillərə bu abidə ilə əslində ciddi bir mesaj verib. Və bu abidəyə baxdıqca məndə insan oğlunun qabiliyyətinə, istedadına hörmətim dahada artır. Daşların dili ilə onlarla kitabın deyə bilməyəcəyi fikir insanlara çatdırılıb.




30 Aralık 2012 Pazar

TERROR VƏ QORXU REJİMİ

Hakimiyyətə gələnə qədər Azərbaycanın görkəmli dövlət xadimləri İsmət Qayıbov, Məhəmməd Əsədov və başqa tanınmış şəxslərində olduğu vertolyotun Qarakənd səmasında vurulması, Xankəndinə hücum hazırlayan Şuşanın rayispolkomu Gözəlovun hücumdan bir gün əvvəl kabinetində güllələnməsi,AXC hakimiyyəti dönəmində demək olar ki, Qarabağ cəbhəsində əksər tanınmış komandirlərin Şuşa Könüllü Özünümüdafiə Batalyonunun komandiri, AXC Şuşa rayon şöbəsinin liderlərindən biri Milli Qəhrəman Ramiz Qənbərovun, İkinci Şuşa batalyonunun komandirti İslamın, AXC Ağdam şöbəsinin sədri Milli Qəhrəman, Ağdam Özünümüdafiə  batalyonunun komandiri Allahverdui Bağırovun, AXC üzvü Qubadlıda batalyon komandiri  Milli Qəhrəman Əliyar Əliyevin 
vurulmasıda şərti adı Hacı Məmmədovun dəstəsi olan əslində isə daha böyük terror şəbəkəsinə malik "osminoqun" işi idi.
Hakimiyyətə gələndən sonra isə ilk işi tanınmış döyüşçü OMON-un komandiri, DİN-nin birinci müavini ipə-sapa yatmaz Rövşən Cavadovu və yuzə yaxın silahdaşını aradan götürmək oldu. Sonradan  Sovet İttifaqı Qəhrəmanı Akademik Ziya Bunyadovu, milliyətcə Avar olan varlı deputat Əli Ansuxski kimi simaları aradan götürdü. Təkcə Rövşən Cavadovun öldürülməsi və OMON-un ləğvi cəmiyyətdə qorxunun, xofun yaradılmasında, Akademik Ziya Bünyadovun öldürülməsi isə elmi dairələrdə, ziyalılar arasında susqunlğun yaranmasında müstəsna rol oynadı. Cəmiyyətdə belə fikirlər dolaşmağa başladı ki, Heydər Əliyev hakimiyyətinə təhlükə hiss etsə doğma qardaşını belə məhv edər.
Şübhəsiz ki, adlarını qeyd etdiyim şəxslər bütün cəmiyyətin tanıdığı şəxslərdi. Amma yadınızda olar ki, təkcə DİN polkovniki Hacı Məmmədovun dəstəsi 35 şəxsi öldürmüşdü. Onların arasında kriminalsit Rövşən Əliyev, Qara Polkovnik ləqəbli Fətulla Hüseynov, DİN Narkobizneslə Mübarizə İdarəsinin rəisi Azər İsmayılov kimi tanınmış şəxslərdə vardı. Lakin bir qismi ölkə miqyasında olmasada bir rayon, region miqyasında tanınmış şəxslər idi. Buraya ailə üzvləri oğurlanaraq milyonlarla pulu alınan və daima həm həmin şəxslərin həmdə onların ətrafında olan başqa şəxslərin xof içində saxlanılmasınıda əlavə edə bilərik. 
Bütün zamanlarda Əliyev rejiminin esas hədəfi cəmiyyəti qorxu işərisində saxlıamaq olub.Hacı Məmmədovun dəstəsi ifşa olunan ərəfədə Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun, son dövrlər isə Rafiq Tağının öldürülməsidə buna xidmət edirdi. Rejim daima cəmiyyətə belə mesaj verirdi ki, qorxmaz insanlar, haqqı deyənlər susdurulacaq. İki gün əvvəlki Sevinc Babayevanın öldürülməsidə bu məqsədlə olub. Amma daha bizi qorxutmaq mümkün deyil. Artıq bir nəfəri öldürməklə bir-iki illiye cəmiyyəti qorxu içində saxlamaq  mümkün olmayacaq.
Lakin uca millətimizi susdurmaq mümkün olmadı. Terror, həbslər, adam oğurluqları cəmiyyəti sındıra bilmədi. Amma belə görünür ki, rejimi sındıracaq. Mahir Abdullayevin oğurlanması bu hakimiyyətin ciddi baş ağrısına çevrildi. Üstündən 9 ildən artıq vaxt keçsədə Elşad Abdullayevin susmaması və bu hakimiyyətin əleyhinə olan faktları ictimailəşdirməsi rejimin sonunu dahada yaxınlaşdırır. 







27 Aralık 2012 Perşembe

A L T U R İ S T L Ə R

Son vaxtlar əhalinin xeyli fəallaşması, siyasi proseslərə qoşulması müşahidə edilməkdədir. Əgər əvvəllər Azadlıq qəzetində geden hər hansı maraqlı məlumatı 10 min civarında adam oxuyurdusa artıq bu rəqəm 80-90 min ərəfəsindədir. Bu rəqəmə gündəlik satılan 10 minlik tirajı,  Medya TV-ni,Yeni Musavat qəzetinin saytını və satışını və bir necə populyar saytın izlənməsinidə əlavə etsək xeyli sayda insanın siyasiləşdiyinin, ölkənin problemlərinə biganə qalmadığının şahidi olarıq.
   Qarşıdan gələn il ölkədə prezident seçkiləri ilidir. Və artıq xeyli müddətdir ki, siyasi hərarət davamlı olaraq yüksəlir.Artıq coxları gələn ilin ölkəmiz üçün cox vacib bir il olduğunu dilə gətirir.
   Lakin aktivləşmənin bu səviyyəsi demokratik qüvvələrə qalib gəlmək imkanı verirmi? Xalq bu mübarizədə antimilli hakimiyyətə qalib gələ biləcəkmi? Daha nə qədər insan siyasi proseslərə qoşulmalıdır ki, qalib gəlmək mümkün olsun. Bu blog yazımda bu suala cavab verməyə çalışacam.
   Əvvəla ondan başlamaq istəyirəm ki, hər bir hadisənin elmi izahı var. Ötən əsrin 60-cı illərində Qumilyov bu məsələləri araşdırmış və ona dünya şöhrəti gətirmiş "Etnogenez və yerin biosferi" əsərini yazmışdır. Həmin əsərdə irəli sürülən nəzəriyyə Pasionarlıq nəzəriyyəsi adlanır. Və araşdırma predmeti odur ki, necə olur ki, bir zamanlar dağınıq, başı pozuq halda olan, bir-biri ilə aramsız müharibələr aparan monqollar birdən birə birləşir və o dövrdə mövcud olan dünyanın az qala yarısını öz hakimiyyəti altına alır?  Bu sual eynilə Ərəblər, Türklər, Farslar, Yunanlar, Almanlar, İtalyanlar, İngilislər, Fransızlar, İspanlar, Portegizlər və Ruslarada aiddir. Hər xalqın qalxınma dövrü var.
   Məhşur alim bu hadisəni belə izah edir ki, böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bütün xalqlar iki tip insanlardan təşkil olunub. Eqoist etikaya sahib olanlar və  alturist etikaya sahib olanlar .
    Eqoist etikaya sahib olanlar özlərini və ailələrini düşünən insanlardı. Lakin onlarda əslində dolayı yolla, özləridə bilmədən millətə xidmət edirlər. Onların əsas xidməti nəsil artımı və iqtisadiyyatın inkişafıdır. Məsələn Səbail rayonu ərazisində çörək sexi açan eqoist etikaya sahib olan şəxsin məqsədi qazanc əldə etməkdir.Lakin o özüdə bilmədən həmin rayonda yaşayan əhalini çörəklə təmin edir.



   Alturizm başqalarının xeyrinə öz mənafeyindən imtina etməkdir. Alturist etikaya sahib olanlar daima vətən, millət, ərazi bütövlüyü, xalıqın azadlığı və firavanlığı kimi fikirlərlə həm eqoistlərin özlərini həmdə övladlarını tərbiyə edirlər. Bununlada eqoist etikaya sahib olanların başqa millətlərin içində assimilyasiya olunmasına imkan vermirlər. Milli birliyi və bütövlüyü qoruyurlar. Biz özümüzdə bu təbəqədən olduğumuzdan və əsasən bu təbəqənin böyüməsinə, güclənməsinə çalışdığımızdan, məhz onların (həqiqi milli elita) dəstəyini almaq istədiyimizdən Qumilyovun alturist etikaya sahib olanlar haqda yazdıqlarını öz başa düçdüyüm səviyyədə izah etməyə çalışacam.
Qumilyova görə adi vaxtda sayından asılı olmayaraq bütün millətlərdə Alturistlərin sayı bir faizin altındadır.  Lakin bəzi hallarda hansısa millətin daxilində gedən  izahı mümkün olmayan proseslər nəticəsində Alturistlərin sayı 2-3 bəzən isə 4 faiz həddinə qədər yüksəlir. Bu yüksəliş Alturistlərin hakimiyyətə gəlməsi ilə nəticələnir və əksər hallarda milli yüksəlişlə müşayiət olunur.
Qumilyovun nəzəriyyəsi ilə ölkədə gedən fəallaşmanı təhlil etsək nəticələr təqribən belə alınacaq. Belə çıxır ki, bizim ölkəmizdə Alturistlərin sayı son bir ilə qədər təqribən 90 min nəfərdən az olub. Hətta ola bilər ki, bu cəmi 20-30 min həddində olub. Lakin hadisələrin inkişafı onu göstərir ki, bu say çox sürətlə artır. Artım qismən hərəkatdan gəlmiş, sonradan passivləşmiş adamların hesabına olsada əsas etibarı ilə Alturistlərin sayı gənc nəslin hesabına artır. Və əgər biz bu artımı 3-4 faiz həddinə (söhbət ölkə üzrə 250-350 min fəaldan gedir) qədər artıra bilsək bu nəinki qarşıdan gələn seçkilərdə demokratik qüvvələrin timsalında xalqın qələbəsini təmin edəcək, həmdə bu itirilmiş torpağımız Qarabağın geri qaytarılmasını şərtləndirəcək.














18 Aralık 2012 Salı

TÜRKÜN BOZQURD BAYRAĞI







   Son günlərin şok xəbərlərindən biridə Bəhlul Muradov adlı şəxsin həbsxanadan Millətim qəzetinə məktub yazaraq 2006-cı ildə hamının tanıdığı bir MTN agentindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, hakimiyyətin esas rəqibi Əli Kərimlini öldürmək tapşırığı aldığını, lakin bundan imtina etməsi idi. Düzdür bu imtina binəvaya başqa cinayətlərdə şərlənərək uzunmüddətli həbsə düşmə bahasına başa gəlib.
   Lakin mənim demək istədiyim tək bu deyil. Ən böyük Türkçü hesab etdiyim Hüseyn Nihal Adsızın gənclik illərində oxuduğum məhşur "Bozqurdlar" romanında bir məqam var. Əfsanəvi qəhrəman Kürşadın oğluna onu qorumaq məqsədilə anası ölənə qədər əslində kimin oğlu olduğunu demir. Lakin öləndə bir vəsiyyət edir. "Kim Türkün Bozqurd bayrağını qaldıracaqsa get ona əsgər ol"
Və bir anlıq çoxdan məni narahat edən bir məsələ haqda yazmaq istəyirəm. Düşmənimizin hiyləgər və güclü bizim isə qafil olmağımız haqdadır bu yazı. Son 250 ildə Türkün Bozqurd bayrağını qaldırmış bütün böyük liderlərimizin öldürülməsi və ya uduzdurulması haqdadır bu yazı.
İlk olaraq Nadir şah Əfşardan başlamaq istəyirəm. 1736-cı il 21 martda Muğanda keçirilən qurultayda şah seçilib.Nadir şah zəifləmiş, şərqi və mərkəzi əfqanlar tərəfindən, bütün qərb və şimal hissəsi (Mazandaran istisna olmaqla) Osmanlı dövləti tərəfindən işğal olunmuş Səfəvi dövlətini əvvəlki sərhədlər daxilində bərpa edir. Tiflis, İrəvan, Buxara, Xivə xanlıqlarını özünə tabe edir. Əfqanıstan və Hindistanı tutub oranın xəzinələrini ələ keçirir. Bəhreyn, Oman və Maskat üzərinə yürüşlər edir. Xəzərdə və Fars körfəzində donanma yaradır. Qarşıda Sibiri və Çini tutmaq kimi planlar vardı.
Lakin şərqin Napaleonu adlandırılan Nadir şah Əfşar 1747-ci ilin iyununda gecə öz çadırında mühafizəçiləri tərəfindən qətlə yetirirlər. (bunu yadda saxlayaq)

Ağa Məhəmməd şah Qacar: Nadir şah Əfşar qətlə yetriləndən sonra ilk orta əsrlərə aid hadisə olan feodal pərakəndəliyi başlayır. İran faktiki olaraq dörd yere parçalanır.Çoxlu sayda xanlıqlar müstəqilliyini elan edir.Lakin Ağa Məhəmməd şahın 21 mart 1782-ci ildə hakimiyyəti ələ keçirməsi ölkədə pərakəndəliyə, özbaşınalığa son qoyur.Bütün Azərbaycan, Fars,Əcəm İraqı, Dağıstan,Tiflis,İrəvan,Əfqanstan, Orta Asiya və Hindistan hökmdarlığını əldə edir.1796-cı ildə Muğanda qurultayda şah seçilir.
Şuşa qalasını alandan sonra 1797-ci ildə öz çadırında son sözü; Gədə İranı viran qoymayın olan Ağa Məhəmməd gecə ikən yatağında öz qulluqçuları, gürcü Sadıq Qorci, isfahanlı Xodadad və mazandaranlı Abbas tərəfindən öldürülüb.  (bunuda yadda saxlayaq)
Növbəti qəhrəmanımız Səttar xandır. 20-ci əsrin əvvəllərində İrandakı irticaya qarşı mübarizə bayrağı qaldırır və 1908-ci ildə Ali Hərbi Şura yaradır.Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyası və İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından, Təbrizdən ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı ilə Tehrana yola düşür. 1910-cu il aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır. 
1910-cu ildə şah qoşunları və milliyətcə erməni olan daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır.Aldığı güllə yarasından 1914-cü il noyabr ayının 9-da Səttar xan 48 yaşında vəfat edir.
(bunuda yadda saxlayaq)
Şübhəsiz ki, növbəti lider Məmməd Əmin Rəsulzadədir. 28 may 1918-ci ildə müsəlman şərqində ilk Demokratik Cümhuriyyət qurmuşdur. Qısa müddət ərzində Sentrokaspi diktaturası adlı erməni-rus birləşmələrini darmadağın edərək bütün ölkəyə nəzarəti ələ keçirmiş, Qarabağda, Zəngəzurda baş qaldırmış erməni daşnak hərəkatını 
məğlub etmişdir.Azərbaycan tarixində ilk dəfə demokratik seckilər yolu ilə parlametnt formalaşdırmışdır. Qadınlara seçki hüququ vermək və başqa demokratik addımları ilə adını tarixə qızıl hərflərlə yazdırmışdır. 
Lakin bu sevincimizdə uzun sürmədi.23 ay sonra Bolşevik Rusiyası hücum edərək gənc müstəqil dövlətimizi yıxdı.(bu faktıda unutmayaq)
Daha bir milli liderimiz Seyid Cəfər Pişəvəridir.Pişəvəri görkəmli ictimai-siyasi xadim, böyük inqilabçı idi. İkinci Dünya müharibəsinin nəticələrindən və sovetlərin dəstəyindən güc alaraq 21 Azər (12 dekabr) 1945-ci ildə silahdaşları ilə Azərbaycan Demokratik Respublikasını elan etdi. Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin Baş naziri təyin edilmişdir. Məhz həmin hökumətin İranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edərək azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaratdı. Məktəblərdə ana dilində dərslərin keçirilməsini təmin etdi. Savadsızlığın kökünü kəsmək üçün qəti addımlar atdı. Fəhlələr üçün iş qanunu, qadınlar üçün kişilərlə bərabər hüquqlar, bütün ölkədə əhəmiyyəti olan torpaq islahatı həyata keçirildi. Ölkədə misli görünməmiş əmin-amanlıq və abadlıq işlərinə başlandı. Güney Azərbaycanda görülən demokratik tədbirləri hətta düşmənlər belə etiraf edirdilər. Qərbin irticaçı idarələrinə mənsub olan mətbuat dəfələrlə yazmışdır ki, Pişəvərinin rəhbərlik etdiyi Milli hökumət il ərzində sanki Güney Azərbaycanda yarım əsrlik fəaliyyət göstərmişdir. Azərbaycanda bu demokratik islahatlar nəinki İran irticasını, həm də İranın zəngin sərvətlərinə sahib olan İngiltərə və Amerika imperializmini qorxuya salmışdı. Onlar birləşərək Azərbaycan milli hökumətini qan dəryasında boğdular.
1946-cı ilin dekabr ayından mühacirət etmiş Azərbaycan inqilabçılarının bir hissəsi Sovet Azərbaycanına gəldi. Azərbaycannın 34 rayon və şəhərində onların yerləşdirilməsinə şəxsən Pişəvəri özü rəhbərlik etmişdir. Elə bu işlə əlaqədar 1947-ci il iyul ayının 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında Pişəvəri müəmmalı şəkildə maşın qəzasına salınmış və həlak olmuşdur. (bunuda yadda saxlayaq).


70 illik sovet əsarətindən sonra Qarabağda başlayan əsassız erməni iddiaları Azərbaycan xalqının səbr kasasını daşırdı. 1958-ci ildən dissident fəaliyyəti göstərən Əbülfəz Elçibəy və silahdaşları xalqın haqlı mübarizəsinin önündəydi. Və bu mübarizə getdikcə Qarabağın müdafiəsilə yanaşı Milli Azadlıq mübarizəsi xarakteri alırdı. Bu mübarizə 1989-cu ildə Əbülfəz Elçibəyin sədrlik etdiyi Xalq Cəbhəsinin yaranmasına 1991-ci ilin 18 oktyabrında isə müstəqilliyin bərpasına gətirib çıxardı. Demokratik Cümhuriyyətin ilk qanuni prezidenti 1992-ci ildə seçilmiş Əbülfəz Elçibəy oldu. Qısa müddət ərzində həm Qarabağ cəbhəsində həm təhsil və ordu quruculuğu, korrupsiya ilə mübarizə və sair sahələrdə ciddi uğurlar əldə olundu. Lakin min kərə təəssüf ki, düşməndə yatmamışdı. 21-ci əsrin Türk əsri olacağını demiş bir lideri hakimiyyətdən salmağa qərar verilmişdi.
 Rusiya, İran, Britaniya hətta Süleyman Dəmirəlin simasında qardaş Türkiyədə bu planın içində yer aldı. Düz bir il sonra daxili satqınların əli ilə Milli Hakimiyyət uduzduruldu. Əbülfəz Elçibəy 4 il 4 aylıq sürgün həyatı yaşamalı oldu.
Bu tarixi məsələləri sizə xatırlatmaqda məqsədim sizlərə tarix öyrətmək deyil. Bunları çoxunuz məndən daha detallı bilirsiniz. Sizə deməkdə məqsədim odur ki, kim bu millətin azadlq bayrağını ( Türkün Bozqurd Bayrağı) qaldırıbsa ya öldürülüb yada az qala dünyanın bütün irticaçı qüvvələri tərəfindən məqsədli şəkildə uduzdurulub, yıpradılıb. Nadir şah, Aga Məhəmməd şah kimi iki dünya miqyaslı sərkərdənin, fatehin  dalbadal öz çadırında öz mühafizəçisi tərəfindən öldürülməsini bütün dünya yığılsada adi kriminal hadisə olduğuna inanmaram.
Və ən əsası yazının əvvəlində antimilli hakimiyyətin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı terror planlarından yazmışdım. Bu gün bizim bir millət olaraq əsas qarşıda duran vəzifələrimizdən biridə Milli liderimizi qorumaqdır. Rus KQB agenti Heydər Əliyevin və onun FSB tərəfindən idarə olunan oğlu ağalarının sifarişi ilə Turk millətini uduzdurmaq, yıpratmaq üçün (Ruşaylonun hər seçkidə gəlib Bakıda oturmasını xatırla) hər cinayətə hazırdır. Zatən onun başqa yoluda yoxdur. Bəşər Əsədin vəziyyətinə baxaq. O özü deyir ki, qalsa müxalifət qaçsa yaxınları tərəfindən öldürüləcəyini bilir. Buna görə bir daha təkrar edirəm ki, Azərbaycan xalqının azadlıq, müstəqillik, rifah bayrağını (Türkün Bozqurd bayrağını)  qaldırmış Əli Kərimliyə dəstək vermək, onu qorumaq hər birimizin vətəndaşlıq borcumuzdur. Hətta bu həyatımız bahasınada başa gəlsə bunu etməkdən çəkinməməliyik.











7 Aralık 2012 Cuma

QƏHRƏMANLAR UNUDULMUR

Artıq üç gündür ki, qəzadan sonra uzun müddət gipsdə qalmaqdan bərkimiş dizimi və topuğumu açmaq üçün Əlilləri Bərpa Mərkəzinə fizioterapiyaya gedirem. Bu gün idman zalından çıxarkən qapının ağzında məni gözləməli adamı orada görməyib o, gələnə qədər gözləmək qərarına gəldim. Oturmaq üçün bir ağ saçlı ananın oturduğu skamya tərəfə yön aldım. Ağ saçlı ana birdən  məndən hansı batalyonda döyüşdüyümü soruşdu. Hansı batalyonda döyüşdüyümü dedim.Cavabında bildirdi ki, Eldar Bağırovun, Allahverdi Bağırovun bacısıyam.
   Yadıma bir neçə il əvvəl AXCP-nin qərərgahı olan vaxtlar  Milli Qəhrəman, AXC Agdam şöbəsinin sədri, Ağdam Ozünümüdafiə batalyonunun komandiri Allahverdi Bağırovun anım mərasimini kecirməyimiz düşdü. Həmin mərasimdə taninmış ictimai-siyasi xadimlərlə yanaşı Allahverdi Bağırovun yaxın qohumlarıda iştirak edirdi. Hətta bacılarından biri çıxışda etdi. Həmin çıxış tam olaraq yadımda qalmasada çıxışda AXC Ağdam təşkilatının yaradıcılarından  və ilk sədri olan, millət vəkili Eldar Bağırovun və Eldar Bağırov xaincəsinə öldürüləndən sonra Ağdam Xalq Cəbhəsində onu ləyaqətlə əvəz etmiş, kiçik qardaşı Ağdam batalyonunun komandiri, Milli Qəhrəman Allahverdi Bağırovun keçdikləri həyat yolundan, gənclik illərindən haqq-ədalət tərəfdarı olmalarından, igid, qorxmaz, cəsur olmalarından, əsassız erməni iddiaları başlayandan sonra isə meydana ilk atılmalarından bəhs etdi.
   Yuxarıda qeyd etdiyim tədbiri onunda yadına saldım. Dedi bir defe oldu. Cıxış edən bacının kim olduğunu soruşdum, bildirdiki böyük bacım idi. Və məndən soruşdu ki, niyə bizi arayıb, axtarmırsınız? Axı mənim qardaşlarım xüsusən Eldar Bağırov Xalq Cəbhəsinin bünövrəsini qoyanlardan olub. Niyə bizi axtarmırsınız, bu hakimiyyətdən ummuruq amma sizdən umuruq dedi. Qardaşlarımın hərəsinin 2 körpə uşağı qalmışdı. Eldarın kiçiyi yaşyarımlıq idi. İndi hamısı böyüyüb ali təhsil alıb, ailə qurublar amma sizin bir qapımızı açmanızı, hal-əhval tutmağınızı, mənəvi dəstək olmanızı həmişə gözləmişik. Qarabağın itirilməsindən, Ağdamnan, Ağdamın dörd min şəhid verməsindən xeyli səhbətləşib ayrıldıq. Ayrılanda  ağsaçlı ananın adının Almaz xanım olduğunu öyrəndim. Və ayrılarkən ciynimdən öpüb getdi. Bu onun bir Qarabağ qazisinə öz balası kimi və güvəndiyi biri olaraq yanaşması idi yəqin.


   Kifayət qədər geniş giriş verməyim edəcəyim təklifin vacibliyini önə çəkmək üçündür. Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkədə fəaliyyət göstərən yeganə təşkilatdır ki, bir siyasi lider, bir tayfa və ya bir region nümayəndələri tərəfindən yaradılmayıb. AXC-ni tam məsuliyyətlə deyirəm ki, Azərbaycan xalqı yaradıb. Hər eldən, hər obadan, hər ailədən ən azı bir nəfər bu işdə iştirak edib. Bu təşkilatın aksioneri (səhmdarı) xalqdır. Xalqın inana biləcəyi, arxasınca gedəcəyi təşkilatda budur. Təsadüfi deyil ki, Əliyevlər sülaləsi demək olar ki, bütün təzyiq, böhtan və təxribatlarıda məhz bu təşkilata qarşı yönəldib. Çünki diktatura rejiminə təhlükənin haradan ola biləcəyini yaxşı bilirdilər.


   Lakin uzun illər qərərgahsız fəaliyyət göstərilməyə məcbur qalmağımız işimizi xeyli axsadıb. İstənilən vaxt yolumuzu gözləyən çoxsaylı tərəfdarlarımızla görüşmək imkanlarından məhrum olmuşuq. Son vaxtlar Azadlıq qəzeti, sosial şəbəkələr, Azərbaycan saatı radiosu və televiziyası, kütləvi görüş və müşavirələr vasitəsilə hakimiyyətin ətrafımızda yaratdığı blokadanı xeyli yarmağa nail olmuşuq. Növbəti blokada yarma işi vətəndaşlarla görüş imkanlarının nəzərəcarpacaq dərəcədə artırılması ola bilər. Və bu sahədə geniş kütlələrlə görüşməklə yanaşı  fəxri şəxslərlə və ailələrlə görüşməkdə cəmiyyətin oyanmasına müsbət təkan verə bilər. 




 Fəxri şəxslər və ailələr dedikdə heçdə bu günə qədər içtimaiyyətin tanıdığı şair və yazıçıları nəzərdə tutmuram. Hərçənd ki, bu özüdə bir işdi. Amma əsas vurğu salmaq istədiyim təbəqə Şuşa Xalq Cəbhəsinin liderlərindən biri, Şuşa batalyonunun komandiri, Milli Qəhrəman Ramiz Qənbərovun , Ağdam Cəbhəsinin mərhum sədri Eldar Bağırovun, Ağdam Cəbhəsinin sədri Milli Qəhraman Allahverdi Bağırovun, Milli qəhraman Şirin Mirzəyevin, Fred Asifin, Qubadlı qartalı Milli Qəhrəman Əlyar Əliyev, Seyyid Mübariz İbrahimov və başqa  milli qəhrəmanlarımızın, şəhid ailələrinin və Qarabağ qazilərimizin özləri və ailə üzvləri ilə görüşmək cəmiyyətin aktivləşməsinə gətirib çıxaran addımlardan biri ola bilər. Bu həmdə vətən, millət və əqidədaşlarımız qarşısında mənəvi borcumuzun yerinə yetirilməsi olar.












   

3 Aralık 2012 Pazartesi

UĞURLAR QAZANAN AXCP

Son illər bəzi tənqidçilər xüsusəndə ABŞ və Avropa ölkələrində oxuyub gələnlər belə bir tezis irəli sürürdülər ki, müxalifətin pərakəndə və zəif olmasının, xalqdan genish dəstək ala bilməməsinin  səbəbi uğur qazanmamasıdır.  Onlar iddia edirdilər ki, muxalifətin əzabkeş görkəmində təqdimatı eslində xalqın ona inamını azaldır. Xalq haqlı olaraq belə düşünür ki, müxalifətdə olmaq coxlu məhrumiyyətlər gətirir. Yaxşısı budur nə müxalfət olum nə iqtidar, bir təhər başımı girləyim.
   Həmin tənqidçilər belə bir tezis irəli sürürdülər ki, müxalifət kiçik də olsa uğurlar qazanmalıdır. Və hər qazanılan uğur növbəti uğura körpü rolunu oynamalıdır. Müxalifət kiçik qələbələri üst-üstə yığıb böyük qələbələrə doğru yürüməli və həlledici qəlbəsini qazanmalıdır.
   Əvvəl ondan başlamaq istəyirəm ki, bu tezislə razıyam. 21 əsrdə  böyük siyasətdə və müharibələrdə qələbəni  bir döyüşlə qazanmaq mümkünsüzdür. Müharibələrdə qazanılan böyük qələbə coxlu sayda kiçik qələbənin cəmidir. Siyasətdədə bu təqribən belədir. Hec kim bir günün içində siyasi olimpin zirvəsinə çıxa bilməz.
   Bu fikirdə ən cox diqqətimi cəlb edən isə odur ki, bu tezis xalq olaraq bizim üçün yeni deyil. Yəqin hamınız Dədə Qorqud filminə baxmısınız. ( Kitabi-Dədə Qorquddada var amma filmə hamı baxıb deyə misalı ordan çəkirəm.) Filmdə belə məqam var gənclər nəsə igidlik göstərəndən,  uğur qazanandan  sonra Dədə Qorqud gəlib ona ad qoyur. Yəni ugur qazanmayan adamın heç adı belə olmur. 
   Bütün bunları sadalamaqda məqsədim odur ki, üzvü olduğum Azərbaycan Xalq Cəbhəsi Partiyası baxmayaraq ki, bir zamanlar böyük nailiyyətlər qazanıb, (ölkənin müstəqilliyə qovuşması, rus ordusunun çıxarılması, test inqilabı və sair) uzun illər ölkədə demokratiya qalası olub və bu gündə yeni-yeni uğurlar qazanmaqda davam edir.
   1 Dekabrda AXCP Ali Məclisi Rəyasət Heyətində təmsil olunan Seymur Həzi və Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid Azərbaycan Saatı radiosunun yayımına başladı. Bu radionun fəaliyyətə başlaması AXCP üçün, Azərbaycan demokratik qüvvələri üçün, nəhayət Azərbaycan xalqı üçün Əliyevlərin  tətbiq etdiyi  informasiya blokadasının yarılması istiqamətində atılan ciddi və uğurlu addımdır. Nəzərə alsaq ki, radionun açılması Türkiyənin Medya Tv-sində hər şənbə və bazar günləri yayımlanan Azərbaycan Saatı verilişinin davamıdır və bu layihədə özünə coxsaylı tamaşaçı auditoriyası toplayıb. Onda uğurun ikiqat olduğu mənzərsi göz önünə gəlir. 
   Bir gün sonra 2 dekabr tarixində AXCP sədri Əli Kərimlinin Gənclər komitəsinin təşkilatçılığı ilə 1.000-dən artıq gənclə görüşmsidə partiyanın qazandığı növbəti və ciddi uğurlardan biridir. AXCP hər zaman gənclərlə işə xüsusi önəm verib. Gənclər tərəfindəndə partiyaya bu səviyyədə ilginin olması ugurdu. Gənclər Komitəsinin  yetkililəri iddia edir ki, əgər daha geniş zal olsa idi ora hətta bir necə min gəncidə cəlb etmək mümkün idi.
   Daha bir uğurumuz sosial şəbəkələrlə bağlıdır. Facebook və Twitterde minlərlə AXCP fəalı xüsusən gənclər özlərinə hesab açmaqla və çoxsaylı tərəfdarlar toplamaqla partiyanın təbliğatı ilə məşğul olurlar. Bu sahədə ən uğurlu işlərdən biri isə ölkənin ən fəal və qızğın müzakirələr gedən Facebook qrupu olan Xilas qrupnun yaradılmasıdır. Əlavə olaraq AXCP rəhbərliyində  və gənclər komitəsində 100-lərlə bloggerin olması və onlarında ictimai rəyə özünəməxsus şəkildə təsiridə bizim uğurlarımızdan biridir. bu gün tam arxayınlıqla deyə bilərəm ki, sosial şəbəkələrdə heç bir partiya və qrup AXCP-də olan göstəricilərə sahib deyil.
   Mətbuat sahəsindədə kifayət qədər uğurlarımız var. AXCP-yə yaxınlığı ilə seçilən müstəqil Azadlıq qəzeti ölkədə populyarlığını xeyli dərəcədə artırıb. Qəzetin verdiyi məlumatlar qəzetin saytından da oxunur. Və saytın ziyarətçiləri dəfələrlə yaradılan problmlərə baxmayaraq  hər gün artmaqdadır. Bir iki il əvvəl ən cox oxunan yazılar 10 min ərəsində idisə artıq bu rəqəm 30-40 bəzi hallarda isə 50 minə yaxınlaşmaqdadır.
   Bundan əlavə partiya üzvü olan gənclər müxtəlif mövzuları əhatə edən videoroliklər çəkərək Youtube ve sair saytlarda yerləşdirirlər. Bu videoroliklər cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən və kütləvi surətdə izlənilir və pozitiv addım kimi qiymətləndirilir ki, bunuda qazandığımız ugurlar sırasına əlavə etmək olar.
   AXCP-nin uğurlarından danışıram deyib kütləvi aksiyalardan danışmamaq insafsizlıq olardı. Son illərdə o cümlədən son aylarda keçirilən razılaşdırılan və razılaşdırılmayan bütün aksiyaların əsas donoru yenədə bizik.  Və məncə aksiyalardakı fəallığıda AXCP-nin uğurlar aktivinə yazmaq olar.
     Və sonda bütün bu uğurların qazanılmasında xüsusi rolu olan, bu uğurları qazandıqca xalqın gözundə dahada ucalan şəxslər haqda. Başda liderimiz Əli Kərimli olmaqla, Həsən Kərimov, Nürəddin Məmmədli, Gözəl Bayramlı, Asəf Quliyev, Fuad Qəhramanlı, Razi Nurullayev, Elmira Muradəliyeva,Solmaz Hüseynova, Səadet Cahangir, Şahin Həsənli, Məşədi Vaqif Pənahov, İradə Nəriman, Rövşın Quliyev, İlham Hüseynli, Namət Əliyev, Eldar Hüseynov, Natiq Güləhmədoğlu, Seymur Həzi, Əbülfəz Qurbanlı, Sahib Kərimov, Mənsum Bayramlı, Hüseyn Naibov,  Məmməd İbrahim, Rafiq Dashdəmirli, Məhəmməd Məcidli, Rəsul Mirhəşimli, Təzəxan Mirələmli, Vaqif Xalıqov, Zülfüqar Eyvazlı, Zərifə Məhəddinova, Kəmalə Bənənyarlı, Saqif Qurbanov, gənclərdən Nihad Hüseyn, İlham Huseyn, Orxan Rza, Orxan Carçı, Bəyim Həsənli, Xanim Mustafayeva, Dəyanət Babayev, Elvin Baycan, Kamran Sanatürk, Toğrul İbrahim, Sərraf Turan, Tacəddin Mehdili və onlarla, yüzlərlə adını çəkmədiyim şəxslərlə birgə adddımlamaq ən böyük uğurumuzdu. Bütün digər uğurlar öz başlanğıcını bu uğurdan götürür. Ölkənın  əsil siyasi elitası AXCP sıralarında cəmləşən fədakar insanlardı.