21 Kasım 2013 Perşembe

HƏRƏKATA NECƏ QOŞULDUM?


Nərimanov metrosu yaxınlığında “beynəlmiləl” orta məktəbdə oxuyurdum.  Sinif yoldaşım əslən Laçınlı olan AXCP-nin yeni qərargagı ilə üzbəüz həyətdə yaşayan Eldəniz məktəbdə məni kənara çəkib vacib söhbəti olduğunu bildirdi. Söhbətin məğzi beləydi. Artıq erməni-müsəlman davası başlayıb. Ermənilər ayağa qalxıb torpaqlarımızda bizə ağalıq etmək istəyirlər. Eldənizin atası və dayısı Laçına Ağdam-Stepanakert yolu ilə gedəsi olurlar. Stepanakertdə təsadüfən maşın xarab olur. Maşını təmir edərkən ermənilərdən ibarət böyük bir dəstənin əllərində daş-kəsək onlara tərəf gəldiklərini görürlər. Ermənilərin məqsədinin  onları öldürmək olduğunu anlayan “ata və dayı” bir təhər maşını işə salıb qurtulurlar.

Bu söhbət hər ikimizə pis təsir etdi.  Etiraf edim ki, əvvəldəndə ermənilərlə münasibətimiz xoş deyildi. Hər ikimiz “zavaqzalni” deyilən məhəllədə yaşadığımızdan erməni uşaqlarla daima əlbəyxa konfliktlərimiz olurdu.

Həmin gün dərsdən çıxıb Eldənizlə məktəbin qarşısında yolu kəsdik. İkinci növbədə dərsə gələnlərə məhşur ermənisən-müsəlman sualını verməyə başladıq. Müsəlman cavabı verənləri darvazadan içəri buraxırdıq, erməni cavabı verənlərə isə bir-iki şillə təpik vurub geri qaytarırdıq. Xeyli davam edəndən sonra kənardan bizi müşahidə edən erməni  qadın yaxınlaşaraq qolumuzdan tutdu. Darvazadan içəri salıb direktor Bəxtiyar Paşayeviçə şikayət edərək təhvil verdi. Hər ikimizə sabah valideyinlərimizlə gəlmək tapşırılsada  Eldənizin atası məktəbə gəldi və məsələni yoluna qoyaraq məktəbdən qovulmaq hədəsindən canımızı qurtardı.

Həmin  axşam Eldənizin atası və dayısına hücum edildiyini  erməni-müsəlman davasının başlandığını atama dedim. Atam isə iki uşağın dalaşması müharibənin başlanması deyil deyib söhbəti bağladı.

18 noyabr- 5 dekabr 1988-ci il

Səhəri gün başqa bir sinif yoldaşım Cavanşirlə axırıncı dərsdən qaçıb harasa getmişdik. Saat 12  radələrində 28 may (o vaxt 28 aprel idi) metrosundan çıxıb Rus kilsəsi olan küçə ilə Qarabağ mehmanxanasına (köhnə adı Turist)  tərəf gəldik. Sola Ceyhun Hacıbəyli küçəsinə tərəf  dönərkən 500-dən çox əminin Qa-ra-bağ, Qa-ra-bağ hayqıraraq bizə tərəf gəldiyini gördük. 14-yaşlı uşaq üçün belə bir fürsətin göydən düşmə olduğunu yəqin hamınız anladınız. Sevincək onlara tərəf qaçıb, nə etdiklərini soruşduq. Əmilərdən biri Qarabağa görə nümayişə çıxmışıq dedi. İlk eşitdiyimdən nümayiş sözü çox doğma gəldi. Əmi bizdə nümayişə qoşula bilərik,  sualına qoşulun dedilər. Sevincimizin həddi hüdudu yox idi. Yoldan keçənləri nümayişə qoşulmağa dəvət edirdik. Şuar deyib gah irəli, gah geri, gahda sağa-sola çıxıb nümayişimizə daha çox adamın qoşulmasına sevinirdik.

Azadlıq prospekti ilə Kamo küçəsinin kəsişməsinə çatanda 20-dən artıq milis qoşqulu və adi motoskiletlərlə gəlib kordon qurdu. Etiraf edim ki, ilk dəfə belə qarşıdurma gördüyüm üçün çəkindim. Cavanşirlə nisbətən arxa tərəfə keçib əmilərlə polislərin danışıqlarının nəticəsini gözləməyə başladıq. Təxminən iki dəqiqəlik danışıqlardan sonra nümayişçilərdən bir, eeeehhhh uğultusu qopdu. Polislərin hərəsini bir tərəfə atan izdihamın güçünü ilk dəfə orda gördüm. 

Azadlıq prospekti ilə sürətlə irəliləyib Azadlıq meydanına gəldik. Meydanda 100 minləri görəndə üryimiz dağa döndü. Həmin gündən sonra mütəmadi Azadlıq meydanına getməyə başladım. Hətta bəzən meydan üçün darıxdığımdan sonuncu dərslərdən qaçıb gedirdim. Tərs kimi hər dəfə dərsdən qaçıb gələndə  atam və ya başqa bir qohumla rastlaşırdım. 

Meydanda Rusiyanın bizim xilaskarımız olmadığını, 200 ildir ölkəmizi işğal edib taladığını, bu azmış kimi indi də torpaqlarımızı ermənilərə vermək istədiyini öyrəndim. Məktəbdə öyrədilən Sovet dövlətinin sülhpərvərliyi, SSRİ-də bütün xalqların qardaşlığı, bərabərliyi haqda deyilənlərin yalan olduğu, bütün xalqların ruslar tərəfindən milli azadlığının əlindən alındığı, bizə xortdan kimi təqdim edilən ölkələrdə insan hüquq və azadlıqlarının daha mükəmməl şəkildə qorunduğunu öyrəndim.

 Şmidt zavodunun fəhləsi Nemətin, ziyalılardan Əbülfəz Elçibəy, Aydın Məmmədov, Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı,  Etibar Məmmədov, İsa Qəmbər, Rəhim Qazıyev, İsgəndər Həmidov,  Tağı Xalisbəyli və sair hərəkat liderlərinin hər çıxışından sonra sanki gözlərim açılırdı.

Meydanda eşitdiklərimi sabah olduğu kimi  sinif yoldaşlarıma və müəllimlərimə danşıb, mübahisələr açırdım. Bəzi müəllimlərim üzdə razilaşmasalarda bu söhbətlərdən sonra mənə hörmətlərinin birə-min artdığını sezirdim. Hətta arada məni kənara çəkib bu işlərin axırının necə olacağını soruşurdular.

Dəyərli gənclər bu qeydi yazmaqda məqsədim özümü öymək deyil. Hərəkat haqda müasir gənclərə azda olsa məlumat vermək və ən əsası qarşıda duran vəzifələri xatırlamaqdır.

Hərəkatın qəhrəmanı və lideri Qarabağ idi.

Bəzən deyirlər ki, ermənilər Topxana meşəsində iki armud ağacı kəsmişdilər, ona görə milyondan artıq adam meydana axışmışdı. Bu fikir kökündən yanlışdı. Xalq meydana iki armud ağacına görə deyil, müqəddəs vətənimizin bir guşəsinə qarşı irəli sürülən əsassız erməni iddialarına etiraz etmək üçün çıxmışdı. Xalq Sovet rəhbərlərinin düşmən, yerli rəhbərlərin isə satqın və qeyrətsiz olduğunu bildiyi üçün, torpaqdan pay olmaz mesajını bütün dünyaya hayqırmaq üçün  çıxmışdı.

Ümumilikdə hərəkatın qarşısında üç əsas vəzifə vardı.

1.Qarabağın müdafiəsi, ərazi bütövlüyünün birdəfəlik həlli.
2.Ölkənin milli azadlığına nail olmaq.
     3.Azad demokratik firavan ölkə qurmaq.
Hərəkat Milli azadlıqla bağlı qarşısına qoyduğu məqsədə nail oldu. Lakin ərazi bütövlüyünün təmini və demokratik firavan ölkə qurmaqla bağlı məqsədlərinə nail ola bilməyib. Amma əsas olan odur ki, Azərbaycan demokratiyasının körpə fidanları çiyinlərini bu ağır yükün altına verməyə hazır və qadirdi. Gənclərimiz növbəti iki vəzifənin öhdəsindən ləyaqətlə gələcək.





8 Kasım 2013 Cuma

ETİMAD KOMİSSİYASI

Cəmi bir ay əvvəl ölkə və dünya ictimaiyyəti dünyada analoqu olmayan daha bir Azərbaycan möcüzəsinə şahidlik etdi. Seçkilər kütləvi saxtalaşdırıldı. 
 
ATƏT Demokratk Təsisatlar  və İnsan Haqları Bürosu seçki məntəqələrinin 58 faizində saxtakarlıq hallarının baş verməsini bəyan etdi. Bütün dünya dəhşətə gəlsədə azərbaycanlılar heç təəccüblənmədilər. Hətta nə 58 faiz?  Heç 98 faiz məntəqələrdə saxtalaşdırma bəyanatı da doğru deyil. Seçkilər 100 faiz məntəqələrdə saxtalaşdırılıb deyənlər də oldu.

Yadıma sinif yoldaşım Şamilin 2003-cü il seçkiləri ərəfəsində “lap Mehdi Sahibi Əl zaman zühur eləsə və gəlib Azərbaycanda prezidentliyə namizəd olsa da qutudan İlham Əliyev çıxacaq” deməsi düşdü.

Hakimiyyətin hər dəfə seçkiləri belə asanlıqla saxtalaşdıra bilməsinin əsas səbəblərindən biri bəlkədə birincisi seçki komissiyalarını inhisarında saxlamasından qaynaqlanır.

 Bəlkədə səhv edirəm amma növbəti mitinqlər də seçkilərin nəticələrinin ləğvi tələbi ilə yanaşı seçki komissiyalarının tərkibinin paritet əsasda formalaşdırılması tələbi mütləq olmalıdır.Seçicinin seçkiyə gəlməməsinin əsas səbəbi budur.

Hakimiyyətə izah edilməlidir ki, mövcud Seçki Məcəlləsində nəzərdə tutulan seçki komissiyalarının formalaşdırılması prinsipi cəfəngiyyatdan başqa bir şey deyil.
Mövcud qanunvericiliyə görə MSK-na 6 nəfər parlament çoxlugu 6 nəfər parlament azlığı 6 nəfər isə parlamentdə təmsil olunan bitərəflər tərəfindən təyin olunur.


Əsas diqqət yönəldiləsi məsələlərdən biri Bitərəflər 


1.Əvvəla əgər vətəndaş və ya deputat öz bitərəfliyini elan edibsə hansı haqla hökumət onları siyasətə qoşulmağa məcbur edir?

2. Parlamentdə olan bitərəf deputatlar əgər yığışıb bir mövqedən çıxış edirlərsə artıq bitərəf deyillər.

3. Bitərəf deputatların guya bitərəf seçiciləri təmsuil etməsi fikridə doğru deyil. Heç bir yerdə belə sorğu keçirilməyib. Bitərəf seçicilərin həm hakim partiyaya həm müxalifət qüvvələrinə həmdə çoxsaylı bitərəf və müstəqillərə səs verdiyini yəqin ki hami təsdiqləyər. Bəzi bitərəflər isə ümumiyyətlə seçkidə iştirak etmirlər.

4. Bitərəf deputatlar elə bitərəf olduqları üçün heç bir təşkilati struktura malik deyillər. Ona görədə həmin qrup deputatlara təkcə özləri seçilən dairələr deyil bütün ölkə ərazisində olan dairə və məntəqələrdə komissiyalara nümayəndə göndərməsi absurddur. Tutaq ki, Astaradan seçilmiş bitərəf deputat Qazağın ucqar kəndində komissiyaya necə üzv verə bilər?
5. Parlament azlığının və parlament coxluğunun təyin etdiyi komissiya üzvləridə  əslində bitərəf olmalıdır. Və bu qanunun tələbidir.

 Etimad komissiyası:

Əslində ölkədə bütün maraqlı tərəflərin etimad bəslədiyi seçki komissiyalarının yaradılmasına əşhədü ehtiyac var. Son seçkilərin nəticəsinə uyğun olaraq mövcud hakimiyyət və real müxalifəti təmsil edən Milli Şura paritet əsasda seçki komissiyalarını formalaşdırmaldırlar. Fakt odur ki, bütün müxalifət Milli Şurada təmsil olunub. Kənarda qalan varsa belə onlarında marağı nəzərə alına bilər. Hakimiyyət yönlü partiyalar isə YAP-ın kvotasına aid edilməlidir.

 Cəmiyyət tərəfindən bitərəfliyi və eyni zamanda obyektivliyi şübhə doğurmayan Leyla Yunus, Aslan İsmayılov, Ənvər Əliyev, Ibrahim Ibrahimli, Əlövsət Əliyev, Hacı İlqar İbrahimoğlu və sair şəxslərdən ibarət Mərkəzi Seçki Komissiyası formalaşdırılmalıdır.

 Hakim partiyada öz növbəsində tanınmış şəxslərdən ibarət tərkib müəyyən etməlidir. Yalnız bu yolla ölkədə etimad mühitinin yaranmasına nail olmaq və həqiqi demokratik seçkilərin əsasını qoymaq olar.


3 Kasım 2013 Pazar

XALQIN RİFAHI

 Universitetin 1-ci kursunda oxuyarkən keçdiyimiz Latın dili fənnindən yadımda qalan tək ifadə "Sarius populus suprema leksed" ifadəsidir. Vaqifin şirin dilinə tərcümədə "Xalqın rifahı ən ali qanundur" kimidir.

Son seçkilərdə ölkənin bütün demokratik qüvvələri Milli Şurada birləşərək  məhz xalqın rifahını, ölkəmizin azad və firavan gələcəyini hədəfləyən xeyli proqramlarla çıxış etdi.

 Milli Şura yaranarkən qarşısına aydın məqsədlər qoyub. 7 iyunda keçirilən ilk yığıncaqda qəbul olunan Islahatlar Paketində nəzərdə tutulan müddəaların yaxın dövr üçün aktuallığını nəzərə alıb bir daha yada salıram.

- Prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq və hakimiyyətin qanunverici, icra və məhkəmə qolları arasında gerçək tarazlığını təmin etmək;

- Hökumətin parlament çoxluğu tərəfindən formalaşdırılmasının nizamlanması;

- Milli Məclisə seçkilərin qarışıq (50% majoritar, 50% proporsional olmaqla) seçki sistemi əsasında keçirilməsini təmin etmək;

- Ölkədə idarəetmənin əks-mərkəzləşdirilməsi sahəsində islahatlar aparmaq və digər hüquqi islahatları təmin etmək məqsədilə yeni konstitusiya layihəsi hazırlayıb, onun referendum yolu ilə qəbul edilməsinə çalışacaq.

-Yeni konstitusiya əsasında azad və ədalətli parlament, prezident və bələdiyyə seçkiləri keçirilməsinə nail olacaq.

Yəqin razılaşarsız ki, Milli Şura son prezident seçkilərində uğurlu kompaniya aparmaqla yanaşı xalqın geniş dəstəyinə də nail oldu. Saxtakar rejim ənənəsinə sadiq qalaraq yenə də Seçki Məcəlləsini konstitusiya və qanunları ayaqlar altına atdı.

Lakin məqsədim hamının bildiyi həqiqətləri təkrarlamaq deyil. Milli Şura hakimiyyətin seçkiləri kütləvi saxtalaşdırması nəticəsində hakimiyyətə gələ bilməsə belə bəyan etdiyi müddəaların həyata keçirilməsinə çalışmalıdır.

Bütün istiqamətlərdə elə addımlar atılmalıdır ki, hakimiyyət Milli Şuranın tələblərinin xalqın tələbləri olduğunu anlasın. Həmin tələbləri, vədləri tam və ya qismən yerinə yetirmək məcburiyyətində qalsın.

Milli Şura qarşıya qoyduğu demokratik islahatlarla bağlı tələbləri gündəmdən çıxarmamalı, hakimiyyəti buna təşviq və ya məcbur edən addımlar atmalıdır.

Xalqa yönəlik pensiya və müavinətlərin 2-3 dəfə, həkim, müəllim, mədəniyyət işçilərinin maaşlarının 5-7 dəfə, ipoteka fondunun 20 dəfə artırılması, hər doğulan körpəyə 5 000 manat bir dəfəlik müavinətin verilməsi və sair məsələlərin həllini hakimiyyətdən tələb etməlidir.