28 Eylül 2014 Pazar

DAHA BİR YALAN



Jirinovskinin qəbulu daha bir yalanın üstünü açdı. Fikir verirsinizsə İlham Əliyev həmişə guya müstəqil siyasət yürütdüyünü, heç kimlə hesablaşmadığını vurğulayır. İndi sadalyacağım iki fakt bunun yalan olduğunu isbatlayır.

1.Qardaş Türkiyə Cümhuriyyətinin o zamankı baş naziri, daima Qarabağ məsələsini gündəmdə saxlayan, R.T.Ərdoğan "van minute" hayqırıb  İsrail prezidenti Şimon Peresi körpə qatili adlandıraraq Davos sammitini tərk edəndə, İlham Əliyev  həmrəylik əlaməti olaraq sammiti tərk etmədi. Hələ bu azmış kimi sammit bitən kimi İlham Əliyevin ilk görüşü Şimon Pereslə oldu. Heç şübhəm yoxdur ki, bu görüşün təşkili İlham Əliyevin sındırılması idi. Həm də Ərdoğana mesaj idi ki, hətta sənin bir millət iki dövlət olan qardaşın da, qardaş hesab etdiyin dövlətin başçısı da səni yox Şimon Peresi seçdi.

Bu addımı həm də ona görə İlham Əliyevin sındırılması hesab edirəm ki, əgər onun seçim imkanı olsaydı ən azı Pereslə həmin gün görüşməzdi. Bir ay sonra heç olmasa bir gün sonra da bu görüş ola bilərdi. Amma mesajı hazırlayan “ağalar” onu çox sərt, sammitdən sonra məhz ilk görüş kimi nəzərdə tutmuşdular.

2. Bir neçə ay əvvəl Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski çıxışında Qarabağın Rusiyaya birləşdirlməsini tələb etmişdi. İki gün əvvəl ərazi bütövlüyümüzün  əleyhinə olan, daima Azərbaycan və azərbaycanlılar haqda təhqiramiz fikirlər səsləndirən şəxsin dövlət başçısı səviyyəsində, təmtəraqla qarşlanması belə bir sual yaratdı. Görəsən bu görüş hansı zərurətdən irəli gəlib? Tam məsuliyyətlə deyirəm ki, bu addımda məcburiyyətdən atılıb. Bu dəfə İlham Əliyevin qərb dairələri  tərəfindən sıxılşdırlıdığını görən Rusiyadakı ağalar onu qılınclarının altından keçirməkdə israrlı olublar. Jirinovskinin səfəri də, onun dövlət başçısı tərəfindən qəbulu da elə qılınc altından keçirilmənin növlərindən biridir.

Buradan çıxan əsas mesaj odur ki, öz xalqından mandat almayan, arxası  xalq olmayan dövlət başçısı nə qədər sərvətlərə sahib olsa da böyük güclərlə danışıqlarda   urvatsız edilir. Onun bütün fəaliyyəti ağaların əhval ruhiyyəsindən asılı olur. Gah sevimli kimi qəbul edilib yuxarı başa çıxarılır, gah da ağalar tərəfindən sındırılıb lazımsız əşya kimi bir küncə atılır.

26 Eylül 2014 Cuma

NEFT VƏ DİKTATURALAR

Hakimiyyətin dövriyyəyə buraxdığı yalançı tezislərdən bir neçəsi haqda fikirlərimi bölüşmək istəyirəm. Tezislər təqribən belədir. Nə qədər ki, neft böyük  partiyalarıla çıxarılır Qərb Əliyevləri dəstəkləyəcək. Hamı biznən əməkdaşlıq etmək istəyir. Avropa Azərbaycan neft-qazından  asılıdır. Bizə heç kim sanksiya tətbiq edə bilməz. Sanksiya tətbiqi qərbin enerji siyasətini məhv edər və sair.

Əvvəl ondan başlamaq istəyirəm ki,  təsdiq olunan neft ehtiyatlarımızın həcmi dünyadakı ümumi ehtiyatların təqribən 0,8%-nə (1,5 milyard ton) bərabərdir.  

Ölkəmizin təsdiq edilən qaz ehtiyatlarının həcmi 2 trilyon kubmetrə çatıb. Qeyd edək ki, bu, dünyadakı ümumi qaz ehtiyatlarının təqribən 1%-ni təşkil edir.

Ötən əsrin sonlarında ABŞ İraqa qarşı “Səhrada fırtına” əməliyyatına başlayarkən İraq həmin dövrdə məlum olan dünya neft ehtiyatlarının təqribən 1/3-nə malik idi. Üstəlik həmin neft Kərkük-Yumurtalıq kəməri ilə Türkiyə üzərindən  Avropaya ixrac olunurdu.  İraq elə indi də dünya neft ehtiyatlarının 15 faizinə sahibdir və ehtiyatatın həcminə görə dördüncü yerdədir. Lakin bunalrın heç biri İraqı Amerika Birləşmiş Ştatlarının qəzəbindən qurtarmadı. Sanksiyalar on ildən artıq sürdü. İlk addımlardan biri  isə Kərkük-Yumurtalıq neft kəmərinin bağlanması oldu.

Ərəb İnqilabları zamanı sanksiyalara məruz qalan sonda isə hakimiyyət dəyişikliyinə məruz qalan Kəddafi Liviyası da dünya neft ehtiyatlarının 3 faizinə nəzarət edir. Üstəlik nəzərə alsaq ki, cəmi 6.5 milyon əhalisi olan (daxili tələbata daha az neft sərf edir) Liviya ildə 150 milyon ton neft çıxarır. Bu da Azərbaycanın istehsal etdiyi 50 milyon tonluq həddən 3 dəfə çoxdur. Dünya karbohidrogen bazarında daha önəmli mövqe tutması Liviyanın harınlamış diktatoru Kəddafini faciəvi ölümdən qurtara bilmədi.

Daha iki ölkəni də qeyd etməmək mümkün deyil. Bunlar uzun illər qərbin sanksiyalrına məruz qalan İran və yenicə cəzalandırılan Rusiyadır. Rusiya dünya qaz ehtiyatının 26 faizinə sahib olmaqla dünya birincisi, İran dünya qaz ehtiyatlarının 17 faizinə sahib olmaqla dünya ikincisidir. Neft ehtiyatının həcminə görə isə İran dünya neft ehtiyatının 17 faizinə sahib olmaqla dünya üçüncüsü, təqribən 7 faizlə Rusiya  neft ehtiyatlarının həcminə görə dünya yeddincisidir.

Həm ehtiyatlarının həcminə görə həm illik istehsal həcminə görə adını çəkdiyimiz ölkələrlə müqayisədə karbohidrogen çırtdanı hesab edilə biləcək Azərbaycanı idarə edənlərin eyforiyası başa düşülən deyil.

Hakimiyyətin apardığı ağılsız kompaniyanın iki izahı var. Ya hakim ailə neft pullarından o, qədər xumarlanıb, hallanıb məst olub ki, reallıq hissini itirib. Elə bilir kürü diplomatiyası yolu ilə “xod” tapdığı bütün adamlar onları  dəstəkləyəcək. Amma unudurlar ki, hakim ailənin də sevimlisi olan Nikola Sarkozi haqda Liviya diktatorunun ailə üzvləri xeyli açıqlama verdilər. Açıqlamalarda hətta Sarkozinin bütün seçki kompaniyasını maliyyələşdirdikləri haqda iddialar da var idi.

Sarkozini şəxsən tanımasam da, onun əmllərindən bixəbər olsam da əminliklə deyə bilərəm ki, böyük dövlətlərin rəhbərləri kiçik dövlətlərin “böyük”liderlərinə şves cinsindən olan sağmal inəklər kimi baxırlar. Sarkozinin isə nəinki Kəddafidən hətta o, ağılda olan daha 5-10 diktatoradan bütün seçki kompaniyasının xərci məblğində bac-xərac aldığına heç şübhəm yoxdur.

Ikinci variant isə belədir ki, onlar özləri də fani (müvəqqəti) olduqlarını anlayırlar. Amma xalqı aldatmaqla maksimum hakimiyyətdə qalıb ölkənin var-yatırını sümürmək istəyirlər.

Amma bütün hallarda xalqın ayağa qalxaraq öz haqları uğrunda mübarizəyə başlamasına əşhədü ehtiyac var. Anlamlıyıq ki, nə 0.8 faizlik neft ehtiyatı nə də 1 faizlik qaz ehtiyatı diktatura rejiminə beynəlxalq dəstəyi təmin etməyəcək.

Xüsusilə vurğulamq istəyirəm ki, əgər gözəl günlərin birində qərb dairələri Əliyevlərə və onların qulbeçələrinə müxtəlif sanksiyalr tətbiq etsələr guya Azərbaycanda neft hasilatı dayanacaq? Və ya çıxarılan nefti kimə satacaqlar? Bütün hallarda neft və qaz həcmindən asılı olmayaraq 21 ildir xalqın sərvətlərini talayan rejimi hakimiyyətdə qoruyub saxlamaq iqtidarında deyil.




29 Ağustos 2014 Cuma

ŞƏRLƏMƏNİ DURDURUN!




Bütün qanunsuz həbslərin sifarişçiləri və icraçıları  lənətlənməlidir. Ölkəni vicdan məhbuslarının sayına görə dünya birinciliyinə çatdıranlar da yaddan çıxmamaq şərtilə.
AXCP Mətbuat Xidmətinin rəhbəri Natiq Ədilova təzyiq məqsədilə  qardaşı Murad Ədilovu yaşadığı evə narkotik maddə atıb həbs etdilər. Hadisənin açıq-aydın şərləmə olduğuna şübhəm yoxdur.

Əliyev rejimi o qədər fəalı şərləyib ki, bu həbsə  sıradan bir şərləmə hadisəsi kimi baxmaq olardı. Amma az qala bütün gənc fəalların bu maddə ilə şərlənməsi düşünməyə vadar edir.

Murad bəy müəllim ailəsində tərbiyə alıb. Ailəlidir, üç körpə uşaq atasıdır. Özü AXCP Sabirabad rayon şöbəsinin ən fəal üzvlərindən biri, Sabirabad Gənclər Komitəsinin qurucularındandır. Qardaşı Natiq Ədilov ölkənin ən nüfuzlu müxalifət partiyasının liderlərindən biri olmaqla  Mətbuat Xidmətinin rəhbəri, Rəyasət Heyətinin üzvüdür. Belə bir ailədə tərbiyə alıb, bu cür bioqrafiyaya malik olan şəxsi narkotiklə şərləmək ləyaqətsizlikdir.

Ümumiyyətlə bu işıqlı gəncin üzünə, gözünə baxanda da onun narkomaniyadan uzaq pak və təmiz bir şəxs (yaxşı vətəndaş) olduğunu sezməmək mümkün deyil.

Hadisənin tam qurama olduğunu sübut edən məsələrdən biri də Murad bəyin ötən illərdə də eyni maddə ilə şərləməyə cəhd edilməsi, sonradan cəmiyyət tərəfindən verilən  təpkiləri görüb 2 günlük inzibati həbslə vəziyyətdən çıxmaqlarıdır.

Murad bəyi həbs edərkən paytaxtdan təqribən 100 nəfərlik maskalı  polisin Sabirabad polisinə köməyə getməsi, sanki  böyük bir silahlı dəstəni zərəsizləşdirirmiş kimi davranması da əslində siyasi hakimiyyətin sifarişi olduğu və cəmiyyətdə xof yaratmaq məqsədi güddüyü heç kəsə sirr deyil.

 Yaşı 40 və daha yuxarı olanların yadında olar. Milli Azadlıq Hərəkatı zamanı  hakimiyyətdə  yeni azərbaycanlıların sələfləri olan Kommunist rəhbərlər  meydanlara axışan 100 minlərlə vətəndaşı narkoman adlandırırdılar. Hətta hərəkat liderləri onlara cavab verərək “xalqın narkomaniya ilə məşğul olmağa imkanı yoxdur, narkomanlar vəzifəli şəxslərin övladlarıdır” deyirdilər.

 Sirkə nə qədər tünd olsa da öz qabını sındırar.

 Cəmiyyətə qarşı repressiyaların əks effekt verəcəyi, xalqa qarşı törədilən cinayətlərin partlayaraq rejim sahiblərini yandıracağı gün uzaqda deyil. Şəkidə, Nardaranda, Qubada və İsmayıllıda baş verən siyasi vulkanlar məhəlli şəkildə olsa da bütün ölkəni əhatə edən inqilaba məşq xarakteri daşıyırdı.

Mənə maraqlı olan odur ki, nədən bu nadanlar sabahlarını düşünmürlər. Sabah xalqın da onlara qarşı eyni addımlar atacağını heç ağıllarına gətirmirlər.

Amma hələ də gec deyil. Hakimiyyət orqanları səhvlərini düzəldə bilərlər. Bütün siyasi məhbusları azad etməklə, bir daha insanları siyasi düşüncələrinə görə həbs etməyəcəkləri ilə bağlı öhdəlik götürərək  tövbə edə bilərlər. Buna inamım çox az olsa da təkrar biliyin anasıdır prinsipini əsas götürərək bir daha xatırlatmağı borc bildim.



15 Ağustos 2014 Cuma

ÇÖRƏK KƏSƏN ÜMUMMİLLİ


 Tarixdə çox liderlər “milli” və ya “ümumilli” adına iddia ediblər. Kim nə dərəcədə haqlı olub bu başqa söhbətin mövzusudur. Məni narahat edən Heydər Əliyevin hökumətin nəzarətində olan televiziya kanallarında və hakimiyyət yönlü mətbuat orqanlarında “ümummilli lider” adlandırılmasıdır.

Heydər Əliyevin Azərbaycan xalqının qənimi olan Sovet KQB-sindən general rütbəsi alan və işğal rejiminin başında duran sovet kompartiyasının politbürosuna seçilən  ilk azərbaycanlı olması təbii ki, onun xalqımıza sevgisinə görə deyildi.

Onun sürətli yüksəlişi işğalçı rejimin bütün tapşırıqlarını canla başla yerinə yetirməsi, Moskvadan dırnaq kəsin əmri gələndə barmaq kəsməsi ilə bağlı idi.

Bəzən ona mədhiyyə deyənlər ağını çıxararaq iddia edirlər  ki, guya “uzaqgörən” Heydər Əliyev hələ 60-70-ci illərdən Azərbaycanın nə vaxtsa müstəqil olacağını görürmüş və bu yöndə  fəaliyyət göstərirmiş.

Bu fikrin yalan və cəfəngiyyatdan başqa bir şey olmadığını, onun heç vaxt ümumilli lider adına uyğun gəlmədiyini sübut edən  bir faktı deyim.

Əgər XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi 3 ən böyük şəxsiyyətin adını çəksəydik yəqin ki, Hacı Zeynəlabdin Tağıyev, Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəyi əksəriyyət qəbul edər.

Ötən əsrin 90-cı illərində aşkarlıq küləkləri əsməyə başlayanda məlum oldu ki, Hacı Zeynəlabdin Tağıyevin qızı Sara xanım dilənçiliklə dolanır. Baxın necə olur ki, sovetlər gələndə 20 milyon qızıl pulu olan (indiki pulla 1-2 milyard arası) və həmin puldan qat-qat artığını  Azərbaycan xalqının mariflənməsi, məktəblərin tikintisi, sənaye müəssisələrinin yaradılması və saysız hesabsız xeyriyyə işlərinə xərcləyən Hacı Zeynəlabdinin qızı dilənərək yaşayır amma həmin dövrdə ölkəyə rəhbərlik edən Heydər Əliyev ümummilli lider olur?

Və ya Sovetlər dağılanda məlum olur ki,  bu millətin yolunda hətta ailəsindən, üşağından keçən Məmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadə Naxçıvanda fəhlə işləyir. Çox çətin maddi durumdadır, ağır həyat şərtləri onun da belini büküb. Gəlin açıq danışaq bəlkədə  Rəsulzadənin oğlunu həmin dövrdə nazir və ya komitə sədri təyin etmək çətin olardı. Amma onu hansısa ticarət, iaşə sahəsində, avtobaza və ya başqa bir normal maaşlı yerdə iş vermək hər şeyə qadir Heydər Əliyev üçün çətin olmazdı.

Son olaraq isə Heydər Əliyev eks prezidentlər haqqında qanunun qəbuluna imkan verməməklə, Milli Azadlıq Hərəkatının şəksiz və şəriksiz lideri və müstəqil Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidenti Əbülfəz Elçibəyə ömrünün sonuna qədər, əbədiyyətə qovuşandan sonra isə ailəsinə heç bir  imtiyaz tanımadı.

Əbülfəz Elçibəyin oğlu bu gün də işsizdir. Əliyevin sülaləsi ölkənin bütün sərvətlərindən gen-bol barındığı halda bu boyda ölkədə ona iş tapılmır.

Nəhayət bu ölkənin son yüz ildə yetirdiyi  üç ən mötəbər şəxsin ailəsini çörəklə imtahana çəkən, onları dilənçi vəziyyətinə salan şəxs ümummilli lider ola bilərmi?

















12 Ağustos 2014 Salı

BAŞI "ALOVLU NATİQ"

Bu gün AXCP Mətbuat Xidmətinin rəhbəri, Azadlıq qəzeti və Azərbaycan Saatı proqramının əməkdaşı, dəyərli ziyalı Natiq Ədilovun qardaşı Murad Ədilov şərlənərək həbs olunub.

Burada zəruri qeyd edim ki, Murad Ədilov Sabirabad cəbhəçisidir. Yerli təşkilatın gənclər qolunu yaradanlardan və ona liderlik edənlərdən biridir.

Həbsi həyata keçirənlər qəflətən evə hücum çəkərək axtarış aparıb, guya yastığın altından 900 qrama yaxın tiryək və marixuana “aşkar ediblər.”

Psixoloji təzyiq məqsədi ilə Murad Ədilovun həyat yoldaşını və hamilə bacısını polis idarəsinə apararaq izahat alıblar. Bunulada bütün mənəvi dəyərləri növbəti dəfə ayaqlar altına atıblar. Artıq hakimiyyətin Yezid ibn Müaviyənin yolunu getdiyinə heç bir şübhə yeri qalmır. Başqa vaxt milli mentalitetdən dəm vurub qulağımızı yağır edənlər heç bir mənəviyyata, adət ənənəyə sığmayan hərəkətləri ilə tarixin əbədi lənətinə düçar olduqlarının fərqində deyillər.

Səbəb qondarma olduğu qədər də qısa və aydındır. Əksər siyasi fəallar kimi Murad bəyə də narkotik ittihamı irəli sürülüb.

Həbsi Sabirabad polisi həyata keçirsə də həbsdən dərhal sonra siyasi fəal işkəncə mərkəzi kimi tanınan, xalq arasında Gestapo adlandırılan  Mütəşəkkil Cinayətkarlıqla Mübarzə İdarəsinə gətirilib.

Heç şübhəsiz olay siyasi sifarişin nəticəsidir. Sifarişi verən isə bir başa İlham Əliyevdir.  

O, İlham Əliyev ki, Naxçıvan xanı Vasif Talıbovla birlikdə mətbuatın yırtıcısı adını alıb. 

Siyasi təzyiqin obyekti olan Natiq Ədilov isə sıradan bir partiya funksioneri deyil. Natiq bəy dərin biliyə, erudisiyaya malik, Azərbaycan müxalifətinin ən ümid verici, ən parlaq simkalarından biridir.

Əvvəl gəncləri, müxalif yazarları hədəf alan Əliyevçi rejim, sonra dindarlara nəhayət də isə  hüquq müdafiəçilərinə müxtəlif “torbalar” tikərək uzun müddətli həbsə məhkum etdi.

Cəmiyyət susduqca dişi qana batmış rejim daha da azğınlaşmaqda davam edir. Artıq toparlanaraq İlham Əliyev və onun hərbi polis rejiminə dur deməyin vaxtı çatıb.

İlham Əliyev bilməlidir ki, Azərbaycanın xoşbəxt gələcəyində nə ona nə də onun korrupsiyaçı, kriminal ünsürlərdən təşkil olunmuş bandasına yer olmayacaq.

Bu ölkənin gələcəyi Əli Kərimli və onun işıqlı gənclərdən ibarət komandası Natiq Ədilov, Seymur Həzi, Əbülfəz Qurbanlı, İlham Hüseyn, Aqil Əli Məhərrəmli, Dadaş Sadıqlı, Tural Ağayev, Ziya Zöhrab, Cabbar Savalanlı və neçə-neçə adını çəkmədiyim gənclərlə bağlıdır.

Əliyevlərin isə qisməti əbədi lənət və rüsvayçılıq olacaq!




30 Haziran 2014 Pazartesi

YERLİ SƏHİYYƏYƏ ETİMAD


Bəzi hakimiyyət dəstəkçiləri mütəmadi olaraq bir fikri gündəmə gətirirlər. Hakimiyyət tezliklə kardinal  kadr islahatları aparacaq. Nədənsə hər dəfə bu anonslar  təsdiqini tapmır.

Sirr deyil ki, ən böhranlı sahələrdən biri Səhiyyə sahəsidir. Uzun müddətdir  xalqımız ana vətənin səhiyyəsinə etibar etmir. Azadlıq qəzetinin verdiyi məlumata görə son illər ərzində bir milyon soydaşımız qonşu İran İslam Respublikasında müalicə olunub. Türkiyə, Rusiya və Avropa ölkələrində müalicə olunanların statistikası aparılsa bunun da az olmadığı ortaya çıxar.

Gəlin araşdıraq kimdir müqəssir? Ölkəmizdə Azərbaycan Dövlət Tibb Universiteti kimi bir ali məktəb var.  1992-ci ildən həmin universitetə professor Əhliman Əmiraslanov rəhbərlik edir. Vikipediyanın verdiyi məlumata görə Əhliman müəllim həm də 1993-cü il martın 23-də müsabiqə yolu ilə Azərbaycan Tibb Unviesritetinin Onkologiya kafedrasının müdiridir. 2007-ci ildən Universitetin Onkoloji klinikasının direktorudur. Həkim həm də 2010-cu ildən Milli Məclisin deputatıdır.
Bəri başdan qeyd edim ki, Əhliman Əmiraslanova qarşı heç bir şəxsi qərəzim yoxdur. Eşitdiyimə görə həkim kimi yaxşı da həkimdir. Ölkəmizin babat onkoloqlarındandır.
Amma Əhliman həkimin rəhbərlik etdiyi universitetin yetişdirdiyi həkimlərə vətəndaşlarımız etibar etmir desək yəqin yanılmarıq. Tibb universitetini bitirəndən sonra Türkiyədə uzmanlıq təhsili almış həkimlərə isə xalqımız arasında böyük inam və etimad var.
Razılaşarsınız ki, 22 il bir universitetə rəhbərlik etmək az müddət deyil. Bu müddət ərzində nuh əyyamından qalmış, tibbin müasir nailiyyətlərindən bixəbər, bəzi hallarda kiminsə qohumu olduğu üçün müəllim adını daşıyan şəxslərdən qurtula bilməyən Əhliman həkim rektor vəzifəsindən niyə əl çəkmir anlamıram.
Rektor işlədiyi uzun illər ərzində Qardaş Türkiyədən, İrandan və Avropa ölkələrindən müasir biliklərə yiyələnmiş müəllimlər dəvət edib təhsilin səviyyəsini xeyli yaxşılaşdırmaq olardı.
Məncə kadr islahatlarına elə Əhliman həkimdən başlasalar işin xeyrinə olar. Həmin universitetə gənc, islahatlara meylli bir şəxsi rektor təyin etməklə həm tibbi təhsilin səviyyəsini artırmaqla səhiyyəmizə etimadı bərpa etmək olar, həm də ölkədən milyonlarla valyutanın axınının qarşısı alınar.





26 Haziran 2014 Perşembe

AVROPA BİRLİYİ YOXSA RUSIYA?

Son zamanlar cəmiyyəti narahat edən mövzulardan biri də Əliyevçi sülalə rejiminin Avropa Birliyi ilə assosiasiya sazişini imzalamaması, dolayısı ilə Avropa Birliyi ilə Rusiya arasında seçım etməməsidir. Qondarma balans siyasəti artıq hamını boğaza yığıb.

Əslində məhşur lətifədə deyildiyi kimi hamı hər şeyi bilir. Amma görünür hakimiyyət texnoloqlarına bəzi  nüansları  xatırlatmağa əşhədü ehtiyac var.

Təbii ki, Azərbaycan xalqının seçimi insan haqlarından, bazar iqtisadiyyatından, demokratik seçkilərdən, söz və fikir azadlığından yanadır.

Gerilikçi rejim isə yuxarıda sadalananları qəsb etdiyi hakimiyyət üçün əsas təhlükə kimi görür. Elə buna görədə Rusiya ilə yaxınlaşma xətti tutaraq demokratik dünyanı və xalqı şantaj edir.

Hakim rejim Rusiyanın hansı fəlakətlər gətirəcəyini ya anlamır yada anlamaq istəmir.
Əvvəl ondan başlayaq Azərbaycan tarixində bütün böyük şəxsiyyətlər Rusiyanı deyil məhz qərbi seçmişdir. Hələ erkən orta əsrlərdə Girdman çarı Cavanşir, Azadlıq fədaisi Babək Xürrəmi Bizansla müttəfiqlik münasibətlərində olub. Həsən Şah Ağqoyunlu, Şah İsmayıl Səfəvi, Şah Abbas, Nadir Şah,  Ağa Məhəmməd Şah Qacar, Fətəli Şah Qacar, Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy də Azərbaycanın əbədi xoşbəxtliyini işğalçı Rusiyada deyil Avropada görüblər.

Böyük mütəfəkkirlərimiz və fikir adamlarımız da əsasən qərbi tərənnüm etmişlər. Təsadüfi deyil ki, Nizami Gəncəvi Makedoniyalı İskəndər haqda əsər yazan ilk şairdir. İskəndərnamədə şair qərbi təmsil edən sərkərdəni ədalət simvolu, adil hökmdar tək xarakterizə edir. Son iki yüz ilin ən böyük azərbaycanlı fikir adamı kimi qəbul etdiyimiz Mirzə Fətəli Axundov Kəmallüddövlə məktubları adlı fəlsəfi traktatında Firngistanın timsalında azadllıq ideyalarını tərənnüm edib.

Bəs baxaq görək Rusiya  nələr etmişdir. Son iki yüz iuldə Azərbaycan xalqının (tək Azərbaycan xalqınınmı?) başına gələn bütün müsibətlərin baiskarı Rusiya deyilmi? Dünyada iki parçalanmış xalqdan biri olan Azərbaycanı 200 il əvvəl Rusiya bölmədimi? Dədə-baba yurdumuza erməni dığalarını dünyanın dörd bir yanından köçürüb gətirmədimi?

Cəmi 23 ay yaşayan Demokratik Cümhuriyyətimizi Rusiya qan gölündə boğmadımı? Tarixi torpaqlarımız olan Göyçəni, Zəngəzuru aşotun uşaqlarına Rusiya peşkəş etmədimi?

37-ci ildə 72 min ziyalını, az qala yazıb oxumağı bilən hər kəsi Rusiya güllələtdirmədimi? Babalarımızı sibirdə Rusiya çürütmədimi?

Bizə heç bir dəxli olmayan 2-ci dünya savaşında beş milyon əhalisi olan ölkədən 700 min əsgər aparıb 500 minini qırğına vermədimi? Halbu ki, bizdən sayca 4-5 dəfə çox olan Güney Azərbaycandan həmin müharibədə bir nəfərində burnu qanamadı.

1945-46-cı illərdə əvvəl Güneydəki hərəkata dəstək verib sonra Rəsulzadənin təbirincə desək bir biton kerasinə satan Rusiya deyildimi? Qırılan qırıldı, sağ qalıb sovet Azərbaycanına sığınan Pişəvərini qəzaya salıb öldürən Rusiya deyildimi?

 Şirin yuxuda yatdığımız yerdə erməniləri silahlandırıb Qarabağa ərazi iddiası sürdürən Rusiya deyildimi? Səsimizi çıxardanda 20 yanvar qırğınını töprədib dinc əhalimizi tankın altında qoyan Rusiya deyildimi? Xocalını soyqırım edən Rusiya deyildimi? Qarabağı işğal edib erməniyə peşkəş edən Rusiya deyildimi? Milli hökumətimizi devirən Rusiya deyildimi?

 İndi sən kimi seçirsən İlham Əliyev? Azərbaycanın bütün böyük şəxsiyyətlərinin, mütəfəkkirlərinin seçdiyi Avropanı, yoxsa Əliheydər Qarayevlərin, Nərimanovların, Vəzirovların, Mütəllibovların seşdiyi sonradan öz başlarını belə qoruya bilmədikləri Rusiyanı?

















25 Mart 2014 Salı

NÜVƏLİ UKRAYNA

Yoldaşlar 5 dekabr 1994-cü ilə qədər Ukrayna nüvə dövləti idi. Nüvə arsenalına görə ABŞ və Rusiyadan sonra üçüncü dövlət idi. Hətta Çin, İngiltərə və Fransa kimi ölkələri nüvə arsenalına görə qabaqlayan dost ölkənin ərazi bütövlüyünün təminatı, həmin rıçaqın geri qaytarılması ola bilər. 05.12.1994-cü ildə imzalanmış Budapeşt memorandumu ilə ABŞ, Rusiya və Böyük Britaniya Ukraynaya ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyi ilə bağlı zəmanət veriblər. Ukrayna verilən zəmanət müqabilində ona məxsus nüvə silahını Rusiyaya təhvil verdi.

Faktiki olaraq zəmanət verən dövlətlərdən biri olan Rusiya Ukraynanın ərazi bütövlüyünə qəsd edib. 

Digər iki zamin dövlətin ABŞ və İngiltərənin vəzifəsi ən qısa zamanda Ukraynanı nüvə silahı ilə təmin etməkdir. İmperiya ambisiyaları ilə alışıb yanan Putin yalnız bu halda özünü yığışdırmağa məcbur ola bilər. Ukarynanın  yenidən nüvə dövlətinə çevrilməsi və Rusiyanın yerində oturdulması digər MDB ölkələrinin azadlığa qovuşmasını da sürətləndirə bilər.


 

22 Mart 2014 Cumartesi

GUAM MDB-DƏN ÇIXSIN



 Bu günlərdə GUAM haqda yazmışdım. "Təkrar biliyin anasıdır" hikmətinə inandığım üçün bir də yazıram.
Əvvəldən demokratik qüvvələr MDB-nin saxta birlik olduğunu, Rusiyanın neoimperiya ambisiyalarını təmin etmək üçün yaradıldığını deyir. 
 MDB üzvü Ermənistanın Rusiyanın köməyi ilə digər birlik üzvü Azərbaycanın 20 faiz ərazisini işğal edib. Düzdür Rusiya Fedarasiyası rəhbərləri  bu fikirləri rəsmən təkzib etsədə torpaqlarımızın işğalının arxasında  məhz onların olduğu heç kəsə sirr deyil. Rusiyanın işğalçı Ermənistanla əsgəri ittifaq yaradıb ölkəmizin ərazi bütövlüyünü təmin etməsinə hər cür əngəl törətməsini də ölkədə bilməyən yoxdur.
 Son vaxtlar GUAM üzrə əsas müttəfiqimiz Ukraynada baş verən hadisələr, xüsusən MDB-nin aparıcı dövləti olan Rusiya tərəfindən Krımın işğal və ilhaq edilməsi sözü gedən birliyin olan qalan cazibəsinidə tarı-mar edir.
MDB “müstəqil” dövlətlərin birliyindən  daha çox Rusiyanın qapaz altılarının birliyinə bənzəyir. Hadisələr sanki 18-19-cu əsrlərdəki kimi baş verir.
Əgər Rusiyanın dişi sındırılmazsa növbə ilə hamını “parçalayacaq”. Diş sındırma vəzifəsini birmənalı surətdə ABŞ və Avropa Birliyi ölkələrinin üstünə yıxmaq mənafeimizə tam uyğun olsada ədalətli yol deyil. "İlanı Seyid Əhməd əli ilə tutmağın" xeyri ilə yanaşı ziyanları da var. Əsas ziyan da ondan ibarətdir ki, sabah qərb koalisiyası qalib gəlsə də biz qaliblər cərgəsində olmayacağıq. Mübarizənin qalibləri heç bir rolu olmayan ölkə ilə yumşaq desək hörmətlə davranmayacaq, mənafelərini nəzərə almayacaqlar.
Azərbaycan tərəfi geopolitik qarşıdurmada hökmən tərəfini elan etməli, fəal diplomatik siyasət yürütməlidir. GUAM üzrə müttəfiqləri ilə məsləhətləşərək Ukrayna və Moldova ilə birlikdə MDB-dən çıxdığını təcili surətdə bəyan etməlidir. (Gürcüstan avqust 2008-ci ildə çıxıb, Ukrayna isə ötən həftə mart 2014-cü ildə çıxdığını bəyan edib.) Bunu  həm xalqımızın mənafeləri tələb edir, həm də müttəfiqimiz Ukrayna, Gürcüstan və Moldova  ilə 10 oktyabr 1997-ci ildə Strasburqda imzalanmış Birgə Kommünike.


31 Ocak 2014 Cuma

NƏ ETMƏLİ



Bu qeyd Azərbaycan müxalifətinin yaxın iki illik dövrdə qarşısında duran əsas vəzifələri haqqındadır.
Strateji vəzifə ölkənin Avropa Birliyinə tam hüquqlu üzvlüyüdür! 
Demokratik qüvvələr 2015-ci ilin parlament seçkilərinə qədər və ondan sonra  həm kütləvi informasiya vasitələrində həm sosial şəbəkələrdə həm də kütləvi tədbir və yığıncaqlarda Avropa Birliyinə üzvlüyün xalqa hansı faydaları olacağı haqda geniş miqyaslı təbliğat kompaniyaları aparmalıdır.
Xalqa izah olunmalıdır ki, Avropa Birliyinə üzvlük ölkədə azad, demokratik , korrupsiyadan uzaq cəmiyyətin qurulması ilə yanaşı hər kəsin şəxsi mənfəəti baxımından da faydalıdır.
Yalançı millətçilik rədd edilməlidir. Turançılıq əslində çox gözəl ideya olsada onu kiminlə qururuq? İslam Kərimov, İlham Əliyev, Nursultan Nazarbayevləmi? Umumiyyətlə bu birliyi xalqlar istəyirmi? Turan birliyi bizə nə verə bilər? Əslində hər kəsə gün kimi aydındır ki, bu ideya indiki vaxtda qeyri-realdır.
AB-nə üzvlük Birlik ölkələri arasında gömrüksüz ticarəti nəzərdə tutur. Hər bir kəndli bağında, bostanında yetişdirdiyi almanı, paortağalı, narıngini, limonu, narı, pomidoru, qarpızı istənilən Avropa şəhərinə aparıb maneəsiz satmaq və normal pul qazanmaq imkanı əldə edəcək.
İşsizlər Avropa ölkələrinə gedib işləmək imkanı qazanacaq.
Ticarəti yaxşı bacaran Azərbaycanlılar daha böyük və varlı məkanda ticarət etmək hüququ əldə edəcək. Heç bir skinhed və ya OMON basqısı olmadan, cinayətkar qruplaşmalara (reket) pul ödəmədən ticarət etmək imkanı Rusiyada ticarətlə məşğul olmaq məcburiyyətində qalan tacirlərimiz üçün yaxşı fürsət olacaq.
Birliyə üzvlük həmdə sərmayələrin sərbəst hərəkəti deməkdir. Ölkədə sıxışdırılan, monopoliyadan əziyyət çəkən iş adamları varlı Avropa bazarlarına yatırım etmək imkanı tapacaq. Eyni zamanda çox ukladlı Avropa sənayesi ölkəmizə giriş əldə edəcək və bu çoxlu sayda yeni, real iş yerlərinin yaranmasına gətirib çıxaracaq.
Xalq dəqiq bilməlidir ki, AB üzvü olan ölkələrdə Prezident seçkilərindən tutmuş bələdiyyə seçkilərinə qədər,  hətta universitetlərdə dekan, rektor seçkiləri, akademiyanın həqiqi və müxbir üzvlərinin seçkiləri “yuxarıdan” verilən göstərişlə deyil, seçicilərin iradəsi ilə formalaşacaq.
Məhkəmələr həqiqi müstəqilliyin nə olduğunu biləcək. Məhkəmənin müstəqilliyindən isə həm məhkəməyə işi düşən vətəndaşlar həm də vəkillər qazanacaq.

 Parlament seçkilərinə hazırlıq:

İlham Əliyevin Şərq tərəfdaşlığı proqramı çərçivəsində Assosiasiya sazişini imza etməkdən imtina etməsi ölkə siyasətində bizi Birliyə qovuşdura biləcək qüvvənin ortaya çıxaraq təşəbbüsü ələ almasını zərurətə çevirir. Ölkədəki siyasi partiya və qrupları təhlil edərkən yadıma Leninin məhşur “yest takaya partiya” fikiri düşdü. Təbii ki, daima xalqın iradəsinin ifadəçisi qismində çıxış edən AXCP-ni görməzdən gəlmək mümkün deyil.
Ölkəni rifah vəd edən Avropa Birliyinə daşımaq üçün AXCP qarşıdan gələn parlament seçkilərində parlamentdəki yerlərin yarıdan çoxunu tutmalıdır. Doğrudur bu günkü şərtlər daxilində belə bir iddia ilə çıxış etmək çoxlarına qeyri-real görünə bilər. Amma qarşıya qoyduğumuz planları vaxtında və keyfiyyətlə icra edə bilsək, dünya düzəninin dəyişən şərtlərindən xalq olaraq biz də yararlana bilərik.
AXCP qarşıdan gələn Parlament seçkilərində uğurlu perfromans göstərmək üçün vaxt itirmədən, hətta deyərdim bu gündən fəaliyyətə keçməlidir. İlk addım kimi Fevral ayı  ərzində 125 dairə üzrə namizədlərini müəyyən etməlidir. 125 dairə üzrə müəyyən olunmuş namizədlər KİV vasitəsilə elan olunmalıdır.
 Elan olunduğu gündən namizədlər;
- Dairə ərazisində aktiv siyasi fəaliyyətə başlamalı;
- Günlük, həftəlik və aylıq hesabatlar hazırlayaraq həm partiya rəhbərliyinə həm də geniş ictimaiyyətə təqdim etməli;
- Mətbuatda və sosial şəbəkələrdə dairə ərazisində və ölkədə baş verən hadisələrə qiymət verməli, problemlərin qaldırılaraq ictimailəşməsinə, mümkün olarsa həllinə çalışmalıdır.
-Paytaxtda yaşayan namizəd kənd rayonlarından namizəddirsə əvvəllər dairə ərazisinə ildə 1-2 dəfə gedirdisə indi ayda 2 dəfədən az olmayaraq gedib seçicilərlə yaxından tanış olmalı, camaatın xeyrinə, şərinə yarımalı;
-Hər rastlaşdığı tanışından həmin dairə ərazisində qohumunun, dostunun olub olmadığını maraqlanmalı, varsa rekvizitlərini götürüb birlikdə və ya tək həmin seçicilərlə əlaqə saxlayıb hansı dəstəyi ala biləcəyini dəqiqləşdirməli;
-Dairə ərazisində tərəfdarlarını Azadlıq qəzetinə abunə etməklə həm seçicilərin siyasi mariflənməsini təşkil və təşviq etməli həm də seçki kompaniyası üçün hazırlıqlı müşahidəçi və məşvərətçi səs hüquqlu şəxsləri hazırlamalıdır.

Üçüncü əsas istiqamət isə siyasi məhbusların qeyd-şərtsiz azadlığa qovuşması və seçki mühitinin demokratikləşməsi olmalıdır.
Siyasi məhbusların qeyd-şərtsiz azad edilməsi ölkədə yeni atmosferin yaranmasına təkan ola bilər.
Seçki mühitinin demokratikləşməsi əsasən iki istiqamətdə həllini tapmalıdır.
-Qarşıdan gələn seçkilərin BMT tərəfindən keçirilməsi tələbini gündəmə gətirərək 2015-ci il Parlament seçkilərinə qədər nail olmaq. Bu bəndi tam ciddiyəti ilə bütün beynəlxalq danışıqların əsas leytmotivinə çevirmək lazımdır. Bəzi yalançı vətənpərvərlərin “ayıbdır, bu bizim ölkəmizin əleyhinədir” tipli fikirlərinə əhəmiyyət verilməməlidir.
-İkinci istiqamət isə seçki qanunvericiliyinin təkmilləşdirilməsidir. Bu istiqamətdə proporsional seçki sisteminin bərpa edilməsi və seçki komissiyalarının real müxalifətlə hakim partiya arasında bərabər əsaslarla formalaşdırılması əsas şərt olmalıdır.