31 Ocak 2014 Cuma

NƏ ETMƏLİ



Bu qeyd Azərbaycan müxalifətinin yaxın iki illik dövrdə qarşısında duran əsas vəzifələri haqqındadır.
Strateji vəzifə ölkənin Avropa Birliyinə tam hüquqlu üzvlüyüdür! 
Demokratik qüvvələr 2015-ci ilin parlament seçkilərinə qədər və ondan sonra  həm kütləvi informasiya vasitələrində həm sosial şəbəkələrdə həm də kütləvi tədbir və yığıncaqlarda Avropa Birliyinə üzvlüyün xalqa hansı faydaları olacağı haqda geniş miqyaslı təbliğat kompaniyaları aparmalıdır.
Xalqa izah olunmalıdır ki, Avropa Birliyinə üzvlük ölkədə azad, demokratik , korrupsiyadan uzaq cəmiyyətin qurulması ilə yanaşı hər kəsin şəxsi mənfəəti baxımından da faydalıdır.
Yalançı millətçilik rədd edilməlidir. Turançılıq əslində çox gözəl ideya olsada onu kiminlə qururuq? İslam Kərimov, İlham Əliyev, Nursultan Nazarbayevləmi? Umumiyyətlə bu birliyi xalqlar istəyirmi? Turan birliyi bizə nə verə bilər? Əslində hər kəsə gün kimi aydındır ki, bu ideya indiki vaxtda qeyri-realdır.
AB-nə üzvlük Birlik ölkələri arasında gömrüksüz ticarəti nəzərdə tutur. Hər bir kəndli bağında, bostanında yetişdirdiyi almanı, paortağalı, narıngini, limonu, narı, pomidoru, qarpızı istənilən Avropa şəhərinə aparıb maneəsiz satmaq və normal pul qazanmaq imkanı əldə edəcək.
İşsizlər Avropa ölkələrinə gedib işləmək imkanı qazanacaq.
Ticarəti yaxşı bacaran Azərbaycanlılar daha böyük və varlı məkanda ticarət etmək hüququ əldə edəcək. Heç bir skinhed və ya OMON basqısı olmadan, cinayətkar qruplaşmalara (reket) pul ödəmədən ticarət etmək imkanı Rusiyada ticarətlə məşğul olmaq məcburiyyətində qalan tacirlərimiz üçün yaxşı fürsət olacaq.
Birliyə üzvlük həmdə sərmayələrin sərbəst hərəkəti deməkdir. Ölkədə sıxışdırılan, monopoliyadan əziyyət çəkən iş adamları varlı Avropa bazarlarına yatırım etmək imkanı tapacaq. Eyni zamanda çox ukladlı Avropa sənayesi ölkəmizə giriş əldə edəcək və bu çoxlu sayda yeni, real iş yerlərinin yaranmasına gətirib çıxaracaq.
Xalq dəqiq bilməlidir ki, AB üzvü olan ölkələrdə Prezident seçkilərindən tutmuş bələdiyyə seçkilərinə qədər,  hətta universitetlərdə dekan, rektor seçkiləri, akademiyanın həqiqi və müxbir üzvlərinin seçkiləri “yuxarıdan” verilən göstərişlə deyil, seçicilərin iradəsi ilə formalaşacaq.
Məhkəmələr həqiqi müstəqilliyin nə olduğunu biləcək. Məhkəmənin müstəqilliyindən isə həm məhkəməyə işi düşən vətəndaşlar həm də vəkillər qazanacaq.

 Parlament seçkilərinə hazırlıq:

İlham Əliyevin Şərq tərəfdaşlığı proqramı çərçivəsində Assosiasiya sazişini imza etməkdən imtina etməsi ölkə siyasətində bizi Birliyə qovuşdura biləcək qüvvənin ortaya çıxaraq təşəbbüsü ələ almasını zərurətə çevirir. Ölkədəki siyasi partiya və qrupları təhlil edərkən yadıma Leninin məhşur “yest takaya partiya” fikiri düşdü. Təbii ki, daima xalqın iradəsinin ifadəçisi qismində çıxış edən AXCP-ni görməzdən gəlmək mümkün deyil.
Ölkəni rifah vəd edən Avropa Birliyinə daşımaq üçün AXCP qarşıdan gələn parlament seçkilərində parlamentdəki yerlərin yarıdan çoxunu tutmalıdır. Doğrudur bu günkü şərtlər daxilində belə bir iddia ilə çıxış etmək çoxlarına qeyri-real görünə bilər. Amma qarşıya qoyduğumuz planları vaxtında və keyfiyyətlə icra edə bilsək, dünya düzəninin dəyişən şərtlərindən xalq olaraq biz də yararlana bilərik.
AXCP qarşıdan gələn Parlament seçkilərində uğurlu perfromans göstərmək üçün vaxt itirmədən, hətta deyərdim bu gündən fəaliyyətə keçməlidir. İlk addım kimi Fevral ayı  ərzində 125 dairə üzrə namizədlərini müəyyən etməlidir. 125 dairə üzrə müəyyən olunmuş namizədlər KİV vasitəsilə elan olunmalıdır.
 Elan olunduğu gündən namizədlər;
- Dairə ərazisində aktiv siyasi fəaliyyətə başlamalı;
- Günlük, həftəlik və aylıq hesabatlar hazırlayaraq həm partiya rəhbərliyinə həm də geniş ictimaiyyətə təqdim etməli;
- Mətbuatda və sosial şəbəkələrdə dairə ərazisində və ölkədə baş verən hadisələrə qiymət verməli, problemlərin qaldırılaraq ictimailəşməsinə, mümkün olarsa həllinə çalışmalıdır.
-Paytaxtda yaşayan namizəd kənd rayonlarından namizəddirsə əvvəllər dairə ərazisinə ildə 1-2 dəfə gedirdisə indi ayda 2 dəfədən az olmayaraq gedib seçicilərlə yaxından tanış olmalı, camaatın xeyrinə, şərinə yarımalı;
-Hər rastlaşdığı tanışından həmin dairə ərazisində qohumunun, dostunun olub olmadığını maraqlanmalı, varsa rekvizitlərini götürüb birlikdə və ya tək həmin seçicilərlə əlaqə saxlayıb hansı dəstəyi ala biləcəyini dəqiqləşdirməli;
-Dairə ərazisində tərəfdarlarını Azadlıq qəzetinə abunə etməklə həm seçicilərin siyasi mariflənməsini təşkil və təşviq etməli həm də seçki kompaniyası üçün hazırlıqlı müşahidəçi və məşvərətçi səs hüquqlu şəxsləri hazırlamalıdır.

Üçüncü əsas istiqamət isə siyasi məhbusların qeyd-şərtsiz azadlığa qovuşması və seçki mühitinin demokratikləşməsi olmalıdır.
Siyasi məhbusların qeyd-şərtsiz azad edilməsi ölkədə yeni atmosferin yaranmasına təkan ola bilər.
Seçki mühitinin demokratikləşməsi əsasən iki istiqamətdə həllini tapmalıdır.
-Qarşıdan gələn seçkilərin BMT tərəfindən keçirilməsi tələbini gündəmə gətirərək 2015-ci il Parlament seçkilərinə qədər nail olmaq. Bu bəndi tam ciddiyəti ilə bütün beynəlxalq danışıqların əsas leytmotivinə çevirmək lazımdır. Bəzi yalançı vətənpərvərlərin “ayıbdır, bu bizim ölkəmizin əleyhinədir” tipli fikirlərinə əhəmiyyət verilməməlidir.
-İkinci istiqamət isə seçki qanunvericiliyinin təkmilləşdirilməsidir. Bu istiqamətdə proporsional seçki sisteminin bərpa edilməsi və seçki komissiyalarının real müxalifətlə hakim partiya arasında bərabər əsaslarla formalaşdırılması əsas şərt olmalıdır.