15 Ağustos 2014 Cuma

ÇÖRƏK KƏSƏN ÜMUMMİLLİ


 Tarixdə çox liderlər “milli” və ya “ümumilli” adına iddia ediblər. Kim nə dərəcədə haqlı olub bu başqa söhbətin mövzusudur. Məni narahat edən Heydər Əliyevin hökumətin nəzarətində olan televiziya kanallarında və hakimiyyət yönlü mətbuat orqanlarında “ümummilli lider” adlandırılmasıdır.

Heydər Əliyevin Azərbaycan xalqının qənimi olan Sovet KQB-sindən general rütbəsi alan və işğal rejiminin başında duran sovet kompartiyasının politbürosuna seçilən  ilk azərbaycanlı olması təbii ki, onun xalqımıza sevgisinə görə deyildi.

Onun sürətli yüksəlişi işğalçı rejimin bütün tapşırıqlarını canla başla yerinə yetirməsi, Moskvadan dırnaq kəsin əmri gələndə barmaq kəsməsi ilə bağlı idi.

Bəzən ona mədhiyyə deyənlər ağını çıxararaq iddia edirlər  ki, guya “uzaqgörən” Heydər Əliyev hələ 60-70-ci illərdən Azərbaycanın nə vaxtsa müstəqil olacağını görürmüş və bu yöndə  fəaliyyət göstərirmiş.

Bu fikrin yalan və cəfəngiyyatdan başqa bir şey olmadığını, onun heç vaxt ümumilli lider adına uyğun gəlmədiyini sübut edən  bir faktı deyim.

Əgər XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi 3 ən böyük şəxsiyyətin adını çəksəydik yəqin ki, Hacı Zeynəlabdin Tağıyev, Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəyi əksəriyyət qəbul edər.

Ötən əsrin 90-cı illərində aşkarlıq küləkləri əsməyə başlayanda məlum oldu ki, Hacı Zeynəlabdin Tağıyevin qızı Sara xanım dilənçiliklə dolanır. Baxın necə olur ki, sovetlər gələndə 20 milyon qızıl pulu olan (indiki pulla 1-2 milyard arası) və həmin puldan qat-qat artığını  Azərbaycan xalqının mariflənməsi, məktəblərin tikintisi, sənaye müəssisələrinin yaradılması və saysız hesabsız xeyriyyə işlərinə xərcləyən Hacı Zeynəlabdinin qızı dilənərək yaşayır amma həmin dövrdə ölkəyə rəhbərlik edən Heydər Əliyev ümummilli lider olur?

Və ya Sovetlər dağılanda məlum olur ki,  bu millətin yolunda hətta ailəsindən, üşağından keçən Məmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadə Naxçıvanda fəhlə işləyir. Çox çətin maddi durumdadır, ağır həyat şərtləri onun da belini büküb. Gəlin açıq danışaq bəlkədə  Rəsulzadənin oğlunu həmin dövrdə nazir və ya komitə sədri təyin etmək çətin olardı. Amma onu hansısa ticarət, iaşə sahəsində, avtobaza və ya başqa bir normal maaşlı yerdə iş vermək hər şeyə qadir Heydər Əliyev üçün çətin olmazdı.

Son olaraq isə Heydər Əliyev eks prezidentlər haqqında qanunun qəbuluna imkan verməməklə, Milli Azadlıq Hərəkatının şəksiz və şəriksiz lideri və müstəqil Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidenti Əbülfəz Elçibəyə ömrünün sonuna qədər, əbədiyyətə qovuşandan sonra isə ailəsinə heç bir  imtiyaz tanımadı.

Əbülfəz Elçibəyin oğlu bu gün də işsizdir. Əliyevin sülaləsi ölkənin bütün sərvətlərindən gen-bol barındığı halda bu boyda ölkədə ona iş tapılmır.

Nəhayət bu ölkənin son yüz ildə yetirdiyi  üç ən mötəbər şəxsin ailəsini çörəklə imtahana çəkən, onları dilənçi vəziyyətinə salan şəxs ümummilli lider ola bilərmi?

















Hiç yorum yok:

Yorum Gönder