29 Ağustos 2014 Cuma

ŞƏRLƏMƏNİ DURDURUN!




Bütün qanunsuz həbslərin sifarişçiləri və icraçıları  lənətlənməlidir. Ölkəni vicdan məhbuslarının sayına görə dünya birinciliyinə çatdıranlar da yaddan çıxmamaq şərtilə.
AXCP Mətbuat Xidmətinin rəhbəri Natiq Ədilova təzyiq məqsədilə  qardaşı Murad Ədilovu yaşadığı evə narkotik maddə atıb həbs etdilər. Hadisənin açıq-aydın şərləmə olduğuna şübhəm yoxdur.

Əliyev rejimi o qədər fəalı şərləyib ki, bu həbsə  sıradan bir şərləmə hadisəsi kimi baxmaq olardı. Amma az qala bütün gənc fəalların bu maddə ilə şərlənməsi düşünməyə vadar edir.

Murad bəy müəllim ailəsində tərbiyə alıb. Ailəlidir, üç körpə uşaq atasıdır. Özü AXCP Sabirabad rayon şöbəsinin ən fəal üzvlərindən biri, Sabirabad Gənclər Komitəsinin qurucularındandır. Qardaşı Natiq Ədilov ölkənin ən nüfuzlu müxalifət partiyasının liderlərindən biri olmaqla  Mətbuat Xidmətinin rəhbəri, Rəyasət Heyətinin üzvüdür. Belə bir ailədə tərbiyə alıb, bu cür bioqrafiyaya malik olan şəxsi narkotiklə şərləmək ləyaqətsizlikdir.

Ümumiyyətlə bu işıqlı gəncin üzünə, gözünə baxanda da onun narkomaniyadan uzaq pak və təmiz bir şəxs (yaxşı vətəndaş) olduğunu sezməmək mümkün deyil.

Hadisənin tam qurama olduğunu sübut edən məsələrdən biri də Murad bəyin ötən illərdə də eyni maddə ilə şərləməyə cəhd edilməsi, sonradan cəmiyyət tərəfindən verilən  təpkiləri görüb 2 günlük inzibati həbslə vəziyyətdən çıxmaqlarıdır.

Murad bəyi həbs edərkən paytaxtdan təqribən 100 nəfərlik maskalı  polisin Sabirabad polisinə köməyə getməsi, sanki  böyük bir silahlı dəstəni zərəsizləşdirirmiş kimi davranması da əslində siyasi hakimiyyətin sifarişi olduğu və cəmiyyətdə xof yaratmaq məqsədi güddüyü heç kəsə sirr deyil.

 Yaşı 40 və daha yuxarı olanların yadında olar. Milli Azadlıq Hərəkatı zamanı  hakimiyyətdə  yeni azərbaycanlıların sələfləri olan Kommunist rəhbərlər  meydanlara axışan 100 minlərlə vətəndaşı narkoman adlandırırdılar. Hətta hərəkat liderləri onlara cavab verərək “xalqın narkomaniya ilə məşğul olmağa imkanı yoxdur, narkomanlar vəzifəli şəxslərin övladlarıdır” deyirdilər.

 Sirkə nə qədər tünd olsa da öz qabını sındırar.

 Cəmiyyətə qarşı repressiyaların əks effekt verəcəyi, xalqa qarşı törədilən cinayətlərin partlayaraq rejim sahiblərini yandıracağı gün uzaqda deyil. Şəkidə, Nardaranda, Qubada və İsmayıllıda baş verən siyasi vulkanlar məhəlli şəkildə olsa da bütün ölkəni əhatə edən inqilaba məşq xarakteri daşıyırdı.

Mənə maraqlı olan odur ki, nədən bu nadanlar sabahlarını düşünmürlər. Sabah xalqın da onlara qarşı eyni addımlar atacağını heç ağıllarına gətirmirlər.

Amma hələ də gec deyil. Hakimiyyət orqanları səhvlərini düzəldə bilərlər. Bütün siyasi məhbusları azad etməklə, bir daha insanları siyasi düşüncələrinə görə həbs etməyəcəkləri ilə bağlı öhdəlik götürərək  tövbə edə bilərlər. Buna inamım çox az olsa da təkrar biliyin anasıdır prinsipini əsas götürərək bir daha xatırlatmağı borc bildim.



Hiç yorum yok:

Yorum Gönder