26 Eylül 2014 Cuma

NEFT VƏ DİKTATURALAR

Hakimiyyətin dövriyyəyə buraxdığı yalançı tezislərdən bir neçəsi haqda fikirlərimi bölüşmək istəyirəm. Tezislər təqribən belədir. Nə qədər ki, neft böyük  partiyalarıla çıxarılır Qərb Əliyevləri dəstəkləyəcək. Hamı biznən əməkdaşlıq etmək istəyir. Avropa Azərbaycan neft-qazından  asılıdır. Bizə heç kim sanksiya tətbiq edə bilməz. Sanksiya tətbiqi qərbin enerji siyasətini məhv edər və sair.

Əvvəl ondan başlamaq istəyirəm ki,  təsdiq olunan neft ehtiyatlarımızın həcmi dünyadakı ümumi ehtiyatların təqribən 0,8%-nə (1,5 milyard ton) bərabərdir.  

Ölkəmizin təsdiq edilən qaz ehtiyatlarının həcmi 2 trilyon kubmetrə çatıb. Qeyd edək ki, bu, dünyadakı ümumi qaz ehtiyatlarının təqribən 1%-ni təşkil edir.

Ötən əsrin sonlarında ABŞ İraqa qarşı “Səhrada fırtına” əməliyyatına başlayarkən İraq həmin dövrdə məlum olan dünya neft ehtiyatlarının təqribən 1/3-nə malik idi. Üstəlik həmin neft Kərkük-Yumurtalıq kəməri ilə Türkiyə üzərindən  Avropaya ixrac olunurdu.  İraq elə indi də dünya neft ehtiyatlarının 15 faizinə sahibdir və ehtiyatatın həcminə görə dördüncü yerdədir. Lakin bunalrın heç biri İraqı Amerika Birləşmiş Ştatlarının qəzəbindən qurtarmadı. Sanksiyalar on ildən artıq sürdü. İlk addımlardan biri  isə Kərkük-Yumurtalıq neft kəmərinin bağlanması oldu.

Ərəb İnqilabları zamanı sanksiyalara məruz qalan sonda isə hakimiyyət dəyişikliyinə məruz qalan Kəddafi Liviyası da dünya neft ehtiyatlarının 3 faizinə nəzarət edir. Üstəlik nəzərə alsaq ki, cəmi 6.5 milyon əhalisi olan (daxili tələbata daha az neft sərf edir) Liviya ildə 150 milyon ton neft çıxarır. Bu da Azərbaycanın istehsal etdiyi 50 milyon tonluq həddən 3 dəfə çoxdur. Dünya karbohidrogen bazarında daha önəmli mövqe tutması Liviyanın harınlamış diktatoru Kəddafini faciəvi ölümdən qurtara bilmədi.

Daha iki ölkəni də qeyd etməmək mümkün deyil. Bunlar uzun illər qərbin sanksiyalrına məruz qalan İran və yenicə cəzalandırılan Rusiyadır. Rusiya dünya qaz ehtiyatının 26 faizinə sahib olmaqla dünya birincisi, İran dünya qaz ehtiyatlarının 17 faizinə sahib olmaqla dünya ikincisidir. Neft ehtiyatının həcminə görə isə İran dünya neft ehtiyatının 17 faizinə sahib olmaqla dünya üçüncüsü, təqribən 7 faizlə Rusiya  neft ehtiyatlarının həcminə görə dünya yeddincisidir.

Həm ehtiyatlarının həcminə görə həm illik istehsal həcminə görə adını çəkdiyimiz ölkələrlə müqayisədə karbohidrogen çırtdanı hesab edilə biləcək Azərbaycanı idarə edənlərin eyforiyası başa düşülən deyil.

Hakimiyyətin apardığı ağılsız kompaniyanın iki izahı var. Ya hakim ailə neft pullarından o, qədər xumarlanıb, hallanıb məst olub ki, reallıq hissini itirib. Elə bilir kürü diplomatiyası yolu ilə “xod” tapdığı bütün adamlar onları  dəstəkləyəcək. Amma unudurlar ki, hakim ailənin də sevimlisi olan Nikola Sarkozi haqda Liviya diktatorunun ailə üzvləri xeyli açıqlama verdilər. Açıqlamalarda hətta Sarkozinin bütün seçki kompaniyasını maliyyələşdirdikləri haqda iddialar da var idi.

Sarkozini şəxsən tanımasam da, onun əmllərindən bixəbər olsam da əminliklə deyə bilərəm ki, böyük dövlətlərin rəhbərləri kiçik dövlətlərin “böyük”liderlərinə şves cinsindən olan sağmal inəklər kimi baxırlar. Sarkozinin isə nəinki Kəddafidən hətta o, ağılda olan daha 5-10 diktatoradan bütün seçki kompaniyasının xərci məblğində bac-xərac aldığına heç şübhəm yoxdur.

Ikinci variant isə belədir ki, onlar özləri də fani (müvəqqəti) olduqlarını anlayırlar. Amma xalqı aldatmaqla maksimum hakimiyyətdə qalıb ölkənin var-yatırını sümürmək istəyirlər.

Amma bütün hallarda xalqın ayağa qalxaraq öz haqları uğrunda mübarizəyə başlamasına əşhədü ehtiyac var. Anlamlıyıq ki, nə 0.8 faizlik neft ehtiyatı nə də 1 faizlik qaz ehtiyatı diktatura rejiminə beynəlxalq dəstəyi təmin etməyəcək.

Xüsusilə vurğulamq istəyirəm ki, əgər gözəl günlərin birində qərb dairələri Əliyevlərə və onların qulbeçələrinə müxtəlif sanksiyalr tətbiq etsələr guya Azərbaycanda neft hasilatı dayanacaq? Və ya çıxarılan nefti kimə satacaqlar? Bütün hallarda neft və qaz həcmindən asılı olmayaraq 21 ildir xalqın sərvətlərini talayan rejimi hakimiyyətdə qoruyub saxlamaq iqtidarında deyil.




Hiç yorum yok:

Yorum Gönder