1 Nisan 2012 Pazar

Köklü dəyişiklər üçün motivasiya

Bu məqaləni oxuyandan sonra “mənə nə” ömürünü başa vuracaq

Etiraf olunmalıdır ki, bu gün cəmiyyətin əhəmiyyətli kəsimi hakimiyyətin dəyişəcəyi təqdirdə onun həyatında  nə kimi müsbət irəlləyişin olacağını bilmir.
Demokratikləşmə, fikir, söz azadlığının bərpası kimi anlayışlar sadə vətəndaşları o qədər də vəcdə gətirmir. Uzun illərdir cəmiyyəti siyasi maarifləndirmədən uzaq saxlayanlar insanlarımızı daha sözün heç də yaxşı mənasından konkert və xırdaçı edib. İnsanlar müxalifət təbliğatçılarına açıqcasına elə belə də deyirlər: “Hə, tutaq ki, seçki oldu filankəsi də ədalətli qaydada seçdik deputat... Ondan mənə nə?”
Həmin bu “mənə nə” ilə silahanan laqeyd, biganələri ölkədə kökülü dəyişikliklərə stimullaşdırmaq üçün bir sıra təkliflərimi ictimai müzakirəyə təqdim edirəm.
 AXCP-nin hakimiyyətə gələcəyi təqdirdə ilk addımlar olaraq bu təklifləri nəzərə alacağına ümidvaram.   

Evsizlik

1.Hesab edirəm ki, ölkəmizdə ən vacib, təxirə salınmaz surətdə həllini gözləyən problem vətəndaşların dövlət hesabına  mənzillə təminatıdır. Ölkəmizdə evsizlik ucabatından ailələr dağılır. Bu problem insanlarda daimi depressiya yaradır. Hər hansı işsiz  və yaxud işləyib aylıq 200-300 manat gəliri olan vətəndaş fikirləşəndə ki, mənzil sahibi olmaq üçün ona azı 40-50 min manat lazımdır stress keçirməməsi mümkün deyil. Çünki mənzil alaması üçün yeməsə, içməsə, geyinməsə 15-20 il işləməlidir. Bu problem üzündən gənclər vaxtında evlənə bilmir, evlənənlər boşanır. Hətta mənzili olan yaşlı vətəndaşlarında əsas qaygılarından biri mənzildir. Nəzərə alsaq ki, iki otaqlı “xruşşovka”da yaşayan 3 övladlı orta statistik azərbaycanlı da ona görə daimi depressiya vəziyyətindədir ki, nə övladlarını evləndirə bilir, nə də onlara müstəqil yaşamaları üçün mənzil hədiyyə edə bilir. Halbuki normalda dövlət vətəndaşını mənzillə təmin etsə həmin yaşlı vətəndaşın yeganə vəzifəsi ayda 200-300 manat qazanıb ailəsini dolandırmaqdır. Mənzilli  vətəndaş  hətta həmin pulu öz ölkəsində qazana bilməsə belə ən azı qonşu ölkələrdə çalışmaqla ailəsini dolandıra bilər. Yetər ki, yaşamağa mənzili olsun. Baxmayaraq ki, ölkəmiz kifayət qədər zəngin ölkədir insanlarımız kirayələrdə, yataqxanalarda  zillət çəkir.
1985-1990-cı illərin statistik məlumatına görə, 9 mərtəbəli 3 bloklu 81 mənzilli bir binanın tikilməsi üçün 1 milyon manat vəsait lazımdır. Həmin dövrün qiymətləri ilə indiki qiymətlər təqribən bərabərdir.  Həmin dövrdə çörək 35 qəpik idi indidə 30-40 qəpikdir, qənd 1 manat idi indidə 1 manatdir, yağ 6 manat, ət 7 manat, müəllimin, həkimin, mühəndisin   maaşı 200 manat, təqaüd 80-100  manat və s. Apardığım araşdırmaya əsasən tikinti materiallarının da qiyməti təqribən bərabərdir.

Ölkəmizin hər cür imkanı var ki,  ərazisində olan 75 rayonun hər birində 10 ədəd 9 mərtəbəli 3 bloklu 81 mənzilli bina ( ümumlikdə 750 bina ) tikərək əvəzsiz olaraq evsiz vətəndaşlara versin. Nisbətən böyük şəhərlərdə tikiləcək binaların sayını 15 Bakı şəhərinin  rayonlarında tikiləcək binaların sayını isə müvafiq olaraq hər rayon üçün 20 olmaqla ölkə üzrə yuvarlaq olaraq  1000 bina  tikilməlidir. Yuxarıda qeyd etdiyimiz kimi 1000 bina hər biri 1 milyon manata başa gələrsə ümumi dəyəri 1 milyard manata bərabər olar.
 Hər il neft fondundan dövlət büdcəsinə 5-6 milyard manat transfert olur. Və həmin pullar müxtəlif  “ sosial layihələrin” həyata keçirilməsinə sərf olunur. Yol çəkmək, körpü tikmək, H. Əliyev mərkəzləri, muzey və parklarının salınması tipli mənasız layihələrin həyata keçirilməsi əslində xalqa məxsus sərvətlərin talan olunmasından başqa bir şey deyil. Göründüyü kimi cəmi 1 milyard manata ölkədə mənzil problemini tam olmasada 70-80 faiz həll etmək mümkündür. 1000 bina tikilərsə bu 81 min ailənin, hər ailədə 5 nəfərdən hesablasaq 400 000 nəfərin mənzil şəraitinin yaxşılaşması ilə nəticələnəcək.  

Kənd rayonlarında 800 mənzilli 10 çoxmərtəbəli binanın tikilməsi (məsələn Cəlilabad, Xaçmaz, Qazax, Bərdə) həmin rayonlarda mənzil problemini tam olaraq həll edə bilər. Bundan əlavə həmin tikintilər müvəqqəti də  olsa yeni iş yerləri deməkdir və tikintiyə ayrılan vəsaitlərin üçdə biri tikintidə çalşanlara əməkhaqqı şəklində verilir. Bu da yerlərdə əhalinin gəlirlərinin artmasına, regionların inkişafına gətirib çıxaracaq. Bundan əlavə bu addım şəhərlərdə mənzillərin qiymətinin enməsinə, əhalinin əmanətlərini qorumaq üçün mənzil almağı deyil sərmayələrini qorumaq üçün  daha gəlirli biznes sahələrini seçmələrinə gətirib çıxaracaq. Bu həmdə  urbanizasiya prosesinin sürətlənməsinə, kənd yerlərində adambaşına düşən torpaq sahələrinin artmasına gətirib çıxaracaq.

Ucuz kreditlər 

2. Hazırda  neft fondunda 40 milyard dollar civarında vəsait var. Gələcək  hakimiyyət  həmin vəsaitlərdən orta hesabla  5 milyardını ölkəyə gətirməklə biznesin inkişafı məqsədilə əhaliyə kreditlər verməlidir. Xarici banklarda yerləşən həmin vəsaitlərin gəlirliliyi indiki halda 0.8-1 faiz civarındadır. Həmin vəsaitləri 2 faizlə ölkədə fəaliyyət göstərən  15-20 bank arasında bölüşdürmək olar. Tənzimləyici funksiyası olan Mərkəzi Bank həmin banklara krediti aşağıdakı şərtlərlə versə ədalətli olar.
 a) Banklar əhaliyə krediti maksimium 5-7 faizlə  və uzunmüddətə verir
 b) Bir nəfərə 50 min dollardan artiq kredit verilmir.
c) Kreditlər rayonlar arasında proporsianal olaraq bölünür.
Bu halda 5 milyard pulu əgər hər kredit alan maksimum həddə yəni 50 min götürərsə ən azı  100 min nəfər kreditlə təmin oluna bilər. Bu həm bankların inkişafına, həm bank sektorunda minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq. Həm də  100 min  kredit almış şəxslərin hər biri ən azı özü ilə yanaşı  5 nəfəri işlə təmin etsə bu  500 min yeni iş yerinin açılması və təqribən 2 milyon insanın dolanmağı demək olacaq. Paralel olaraq  ölkədə biznes mühitinin yaxşılaşdırılması, inhisarların çökdürülməsi, kapitala aministiyanın verilməsi,  əhalinin alıcılıq qabiliyyətinin artırılması  ölkəyə əlavə kapital axınına gətirəcək. İnanıram ki, işgüzar xalq ımız  aldığı krediti vaxtında qaytaracaq. Əgər qaytarmasa belə dövlət heç bir şey itirmir. Xalqın pulu xalqa qayıdır.

Kəndçini əfəndi saymaq

3.Ölkə əhalisinin əhəmiyyətli hissəsinin kənd təsərrüfatında çalışdığını  lakin ciddi texnika çatışmazlığı çəkdiyini nəzərə alaraq dövlət kəndləri texnika ilə təmin etməlidir. Ölkə ərazisində 1720 bələdiyyə fəaliyyət göstərir. Bunlardan təqribən 1600-ü kənd bələdiyyələridir. Olan texnika bahalı və  köhnədir, yeni olanlar isə yerlərdə əvvəl  vəzifəli şəxslərin və yerli oliqarxların  torpaqlarını becərir, kəndliyə texnika çatanda isə artıq gec olur. Bizdə olan məlumata görə bir traktorun orta qiyməti 17 min manatdır.Dövlət hər kənd bələdiyyəsinin mülkiyyətinə aşağıdakı şərtlərlə  5 ədəd traktor  versə bu 140 milyon manata başa gələr . 1600x5=8000x17000=140 000 000
a) Bələdiyyə hər ha-ya görə yanacaq xərcindən əlavə 5 manat qiymət müəyyən edir
b) Traktor  sürücüləri yerli əhalidən olur.
Burdanda görünür ki, 8000 traktorun hər birini iki sürücü sürərsə bu 16 min yeni iş yerinin açılması deməkdir. Fermerlər ucuz və keyfiyyətli texnika əldə edir. Və hər traktor gündə 30 ha şumlayarsa 150 manat gəlir əldə edər ki, bunuda iki sürücü və bələdiyyə arasında bərabər bölmək ədalətli olar . Bu halda bələdiyyə 5 traktorun hər birindən 50 manat olmaqla  gündə 250 manat, ayda isə 7500 manat gəlir əldə edər ki,  bu da həm bələdiyyə üzvlərinin normal maaşla təminatına, həmdə bələdiyyələrin müəyyən xırda problemləri  öz vəsaiti hesabına həll  etməsinə yardımçı olar. Həmin traktorların ölkəmizdə yığılması təşkil olunarsa bu əlavə yeni iş yerlərinin açılmasına səbəb olar. Dövlət kollektorların çəkilməsini, şoran torpaqların yuyulmasını üzərinə götürməklə fermerlərə məhsuldarlığı artırmağa beləliklə də ölkədə məhsul bolluğu yaranmasına şərait yaratmış olar. Su çıxmayan yerlərə  nasosların alınaraq quraşdırılmasıda dövlət hesabına olsa ümumi işin xeyrinə olar. Belə ki, bir fermer üçün 10 000 manata nasos almaq asan deyil. Amma dövlətimiz üçün 10 milyon manat verərək 1000 nasosun alınması elədə çətin olmaz. Xüsusən nəzərə alanda ki, bir körpünün qiyməti 25 milyondur su nasoslarının alınması daha əhəmiyyətli  olsada elədə bahalı iş deyil. Böyük Mustafa Kamalın “Köylü millətin əfəndisidir” fikrinin indiki hakimiyyət nümayəndələri tərəfindən anlaşılmadığı qənaətindəyəm.

Bələdiyyələrin dirildilməsi

4. Yuxarıdada artıq qeyd etmişdik ki, bələdiyyələrlə iş prioritetlərdən biri olmalıdır. Ölkədə 1720 bələdiyyənin olduğunu diqqətinizə çatdırmışdıq. Bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi ilə yanaşı  onlara maddi-texniki destəyin verilməsi ən vacib məsələlərdən biridir. Hər il dövlət büdcəsindən hər bələdiyyəyə  10 000 manat yardım ayrılarsa bu büdcəyə 17 milyon manata başa gələr ki, buda Əzizbəyov dairəsindən Aeroporta çəkilən yolun 1 kilometrinin qiymətinə bərabərdir. Əhəmiyyəti isə müqayisəyə gəlməzdir. Əgər hətta həmin vəsaitin hamısı bələdiyyə üzvlərinin maaşlarına sərf olunsa belə dövlətimiz ziyan çəkmir. Ən azı ona görə ki, 16 min bələdiyyə üzvü də bu ölkənin vətəndaşıdır və onlarında normal yaşamaq hüququ var.

Heyvandarlıq

5. Və nəhayət ...Hələ sovet dövrü iki qohumum Kalmıkiya və Həştərxandan vaqonlarla buzov gətirərək satdığını xatırlayıram. Yanılmıramsa 50 manata alınan  buzovu  burada 80  manata satardılar.  Kənddə yaşayan dostların verdiyi məlumata görə indidə Rusiyadan belə buzovlar gətirilərək 120-130 manata satılır. Statistik məlumatlara əsasən ölkəmizdə 2.3 milyon ailə yaşayır. Təqribi hesablamalara görə  750 min ailə kənd yerlərində yaşayır. Hər kəndli ailəsinə dövlət büdcəsindən ayrılan vəsaitlə 2 buzov alınaraq hədiyyə edilərsə və buzovun qiymətini 120 deyil 150 manat hesablasaq  (150x2x 750000=225 milyon.) 225 milyon manat alınar.

Bəzi dostlarımız iddia edər ki, hansısa kəndli aldığı buzovu sata bilər. Satsa belə alıcı başqa bir fermerdir və bu fermerlərin təmərküzləşməsinə səbəb olacaq. Kəsib satan isə bazarda  əsas ərzaqlardan biri olan ətin qiymətini ucuz və daha əlçatan edəcək. Nəzərə alsaq ki, H.Əliyev mərkəzinin təkcə bünövrə xərclərinə 200 milyon, Gənclik metrostansiyası ətrafındakı yol qovşağının tikintisinə 305 milyon manat pul ayrilib tələb olunan vəsaitin elədə dəhşətli istək olmadığı üzə çıxar.

Ümumən faizlə kreditə veriləcək 5 milyard dolları (4 milyard manat) çıxmaq şərtilə digər təkliflərin ümumi dəyəri 1.4 milyard manatdir.  100 milyard manata Xəzərdə süni  adalardan ibarət arxipelaq  tikən bir dövlət üçün belə vacib sahələrə ayırmaq üçün pul tapılmır. 

Fikrimi Böyük Mustafa Kamalın “ Hegemonluq millətə məxsusdur”  fikri ilə tamamlayıram.


1 yorum: