29 Ağustos 2014 Cuma

ŞƏRLƏMƏNİ DURDURUN!




Bütün qanunsuz həbslərin sifarişçiləri və icraçıları  lənətlənməlidir. Ölkəni vicdan məhbuslarının sayına görə dünya birinciliyinə çatdıranlar da yaddan çıxmamaq şərtilə.
AXCP Mətbuat Xidmətinin rəhbəri Natiq Ədilova təzyiq məqsədilə  qardaşı Murad Ədilovu yaşadığı evə narkotik maddə atıb həbs etdilər. Hadisənin açıq-aydın şərləmə olduğuna şübhəm yoxdur.

Əliyev rejimi o qədər fəalı şərləyib ki, bu həbsə  sıradan bir şərləmə hadisəsi kimi baxmaq olardı. Amma az qala bütün gənc fəalların bu maddə ilə şərlənməsi düşünməyə vadar edir.

Murad bəy müəllim ailəsində tərbiyə alıb. Ailəlidir, üç körpə uşaq atasıdır. Özü AXCP Sabirabad rayon şöbəsinin ən fəal üzvlərindən biri, Sabirabad Gənclər Komitəsinin qurucularındandır. Qardaşı Natiq Ədilov ölkənin ən nüfuzlu müxalifət partiyasının liderlərindən biri olmaqla  Mətbuat Xidmətinin rəhbəri, Rəyasət Heyətinin üzvüdür. Belə bir ailədə tərbiyə alıb, bu cür bioqrafiyaya malik olan şəxsi narkotiklə şərləmək ləyaqətsizlikdir.

Ümumiyyətlə bu işıqlı gəncin üzünə, gözünə baxanda da onun narkomaniyadan uzaq pak və təmiz bir şəxs (yaxşı vətəndaş) olduğunu sezməmək mümkün deyil.

Hadisənin tam qurama olduğunu sübut edən məsələrdən biri də Murad bəyin ötən illərdə də eyni maddə ilə şərləməyə cəhd edilməsi, sonradan cəmiyyət tərəfindən verilən  təpkiləri görüb 2 günlük inzibati həbslə vəziyyətdən çıxmaqlarıdır.

Murad bəyi həbs edərkən paytaxtdan təqribən 100 nəfərlik maskalı  polisin Sabirabad polisinə köməyə getməsi, sanki  böyük bir silahlı dəstəni zərəsizləşdirirmiş kimi davranması da əslində siyasi hakimiyyətin sifarişi olduğu və cəmiyyətdə xof yaratmaq məqsədi güddüyü heç kəsə sirr deyil.

 Yaşı 40 və daha yuxarı olanların yadında olar. Milli Azadlıq Hərəkatı zamanı  hakimiyyətdə  yeni azərbaycanlıların sələfləri olan Kommunist rəhbərlər  meydanlara axışan 100 minlərlə vətəndaşı narkoman adlandırırdılar. Hətta hərəkat liderləri onlara cavab verərək “xalqın narkomaniya ilə məşğul olmağa imkanı yoxdur, narkomanlar vəzifəli şəxslərin övladlarıdır” deyirdilər.

 Sirkə nə qədər tünd olsa da öz qabını sındırar.

 Cəmiyyətə qarşı repressiyaların əks effekt verəcəyi, xalqa qarşı törədilən cinayətlərin partlayaraq rejim sahiblərini yandıracağı gün uzaqda deyil. Şəkidə, Nardaranda, Qubada və İsmayıllıda baş verən siyasi vulkanlar məhəlli şəkildə olsa da bütün ölkəni əhatə edən inqilaba məşq xarakteri daşıyırdı.

Mənə maraqlı olan odur ki, nədən bu nadanlar sabahlarını düşünmürlər. Sabah xalqın da onlara qarşı eyni addımlar atacağını heç ağıllarına gətirmirlər.

Amma hələ də gec deyil. Hakimiyyət orqanları səhvlərini düzəldə bilərlər. Bütün siyasi məhbusları azad etməklə, bir daha insanları siyasi düşüncələrinə görə həbs etməyəcəkləri ilə bağlı öhdəlik götürərək  tövbə edə bilərlər. Buna inamım çox az olsa da təkrar biliyin anasıdır prinsipini əsas götürərək bir daha xatırlatmağı borc bildim.



15 Ağustos 2014 Cuma

ÇÖRƏK KƏSƏN ÜMUMMİLLİ


 Tarixdə çox liderlər “milli” və ya “ümumilli” adına iddia ediblər. Kim nə dərəcədə haqlı olub bu başqa söhbətin mövzusudur. Məni narahat edən Heydər Əliyevin hökumətin nəzarətində olan televiziya kanallarında və hakimiyyət yönlü mətbuat orqanlarında “ümummilli lider” adlandırılmasıdır.

Heydər Əliyevin Azərbaycan xalqının qənimi olan Sovet KQB-sindən general rütbəsi alan və işğal rejiminin başında duran sovet kompartiyasının politbürosuna seçilən  ilk azərbaycanlı olması təbii ki, onun xalqımıza sevgisinə görə deyildi.

Onun sürətli yüksəlişi işğalçı rejimin bütün tapşırıqlarını canla başla yerinə yetirməsi, Moskvadan dırnaq kəsin əmri gələndə barmaq kəsməsi ilə bağlı idi.

Bəzən ona mədhiyyə deyənlər ağını çıxararaq iddia edirlər  ki, guya “uzaqgörən” Heydər Əliyev hələ 60-70-ci illərdən Azərbaycanın nə vaxtsa müstəqil olacağını görürmüş və bu yöndə  fəaliyyət göstərirmiş.

Bu fikrin yalan və cəfəngiyyatdan başqa bir şey olmadığını, onun heç vaxt ümumilli lider adına uyğun gəlmədiyini sübut edən  bir faktı deyim.

Əgər XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi 3 ən böyük şəxsiyyətin adını çəksəydik yəqin ki, Hacı Zeynəlabdin Tağıyev, Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəyi əksəriyyət qəbul edər.

Ötən əsrin 90-cı illərində aşkarlıq küləkləri əsməyə başlayanda məlum oldu ki, Hacı Zeynəlabdin Tağıyevin qızı Sara xanım dilənçiliklə dolanır. Baxın necə olur ki, sovetlər gələndə 20 milyon qızıl pulu olan (indiki pulla 1-2 milyard arası) və həmin puldan qat-qat artığını  Azərbaycan xalqının mariflənməsi, məktəblərin tikintisi, sənaye müəssisələrinin yaradılması və saysız hesabsız xeyriyyə işlərinə xərcləyən Hacı Zeynəlabdinin qızı dilənərək yaşayır amma həmin dövrdə ölkəyə rəhbərlik edən Heydər Əliyev ümummilli lider olur?

Və ya Sovetlər dağılanda məlum olur ki,  bu millətin yolunda hətta ailəsindən, üşağından keçən Məmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadə Naxçıvanda fəhlə işləyir. Çox çətin maddi durumdadır, ağır həyat şərtləri onun da belini büküb. Gəlin açıq danışaq bəlkədə  Rəsulzadənin oğlunu həmin dövrdə nazir və ya komitə sədri təyin etmək çətin olardı. Amma onu hansısa ticarət, iaşə sahəsində, avtobaza və ya başqa bir normal maaşlı yerdə iş vermək hər şeyə qadir Heydər Əliyev üçün çətin olmazdı.

Son olaraq isə Heydər Əliyev eks prezidentlər haqqında qanunun qəbuluna imkan verməməklə, Milli Azadlıq Hərəkatının şəksiz və şəriksiz lideri və müstəqil Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidenti Əbülfəz Elçibəyə ömrünün sonuna qədər, əbədiyyətə qovuşandan sonra isə ailəsinə heç bir  imtiyaz tanımadı.

Əbülfəz Elçibəyin oğlu bu gün də işsizdir. Əliyevin sülaləsi ölkənin bütün sərvətlərindən gen-bol barındığı halda bu boyda ölkədə ona iş tapılmır.

Nəhayət bu ölkənin son yüz ildə yetirdiyi  üç ən mötəbər şəxsin ailəsini çörəklə imtahana çəkən, onları dilənçi vəziyyətinə salan şəxs ümummilli lider ola bilərmi?

















12 Ağustos 2014 Salı

BAŞI "ALOVLU NATİQ"

Bu gün AXCP Mətbuat Xidmətinin rəhbəri, Azadlıq qəzeti və Azərbaycan Saatı proqramının əməkdaşı, dəyərli ziyalı Natiq Ədilovun qardaşı Murad Ədilov şərlənərək həbs olunub.

Burada zəruri qeyd edim ki, Murad Ədilov Sabirabad cəbhəçisidir. Yerli təşkilatın gənclər qolunu yaradanlardan və ona liderlik edənlərdən biridir.

Həbsi həyata keçirənlər qəflətən evə hücum çəkərək axtarış aparıb, guya yastığın altından 900 qrama yaxın tiryək və marixuana “aşkar ediblər.”

Psixoloji təzyiq məqsədi ilə Murad Ədilovun həyat yoldaşını və hamilə bacısını polis idarəsinə apararaq izahat alıblar. Bunulada bütün mənəvi dəyərləri növbəti dəfə ayaqlar altına atıblar. Artıq hakimiyyətin Yezid ibn Müaviyənin yolunu getdiyinə heç bir şübhə yeri qalmır. Başqa vaxt milli mentalitetdən dəm vurub qulağımızı yağır edənlər heç bir mənəviyyata, adət ənənəyə sığmayan hərəkətləri ilə tarixin əbədi lənətinə düçar olduqlarının fərqində deyillər.

Səbəb qondarma olduğu qədər də qısa və aydındır. Əksər siyasi fəallar kimi Murad bəyə də narkotik ittihamı irəli sürülüb.

Həbsi Sabirabad polisi həyata keçirsə də həbsdən dərhal sonra siyasi fəal işkəncə mərkəzi kimi tanınan, xalq arasında Gestapo adlandırılan  Mütəşəkkil Cinayətkarlıqla Mübarzə İdarəsinə gətirilib.

Heç şübhəsiz olay siyasi sifarişin nəticəsidir. Sifarişi verən isə bir başa İlham Əliyevdir.  

O, İlham Əliyev ki, Naxçıvan xanı Vasif Talıbovla birlikdə mətbuatın yırtıcısı adını alıb. 

Siyasi təzyiqin obyekti olan Natiq Ədilov isə sıradan bir partiya funksioneri deyil. Natiq bəy dərin biliyə, erudisiyaya malik, Azərbaycan müxalifətinin ən ümid verici, ən parlaq simkalarından biridir.

Əvvəl gəncləri, müxalif yazarları hədəf alan Əliyevçi rejim, sonra dindarlara nəhayət də isə  hüquq müdafiəçilərinə müxtəlif “torbalar” tikərək uzun müddətli həbsə məhkum etdi.

Cəmiyyət susduqca dişi qana batmış rejim daha da azğınlaşmaqda davam edir. Artıq toparlanaraq İlham Əliyev və onun hərbi polis rejiminə dur deməyin vaxtı çatıb.

İlham Əliyev bilməlidir ki, Azərbaycanın xoşbəxt gələcəyində nə ona nə də onun korrupsiyaçı, kriminal ünsürlərdən təşkil olunmuş bandasına yer olmayacaq.

Bu ölkənin gələcəyi Əli Kərimli və onun işıqlı gənclərdən ibarət komandası Natiq Ədilov, Seymur Həzi, Əbülfəz Qurbanlı, İlham Hüseyn, Aqil Əli Məhərrəmli, Dadaş Sadıqlı, Tural Ağayev, Ziya Zöhrab, Cabbar Savalanlı və neçə-neçə adını çəkmədiyim gənclərlə bağlıdır.

Əliyevlərin isə qisməti əbədi lənət və rüsvayçılıq olacaq!