31 Aralık 2012 Pazartesi

DAŞLARIN DA DİLİ V A R


On gün bundan əvvəl 21 dekabrda görkəmli şərqşünas alim, vaxtilə AMEA-nın vitse- prezidenti AMEA Şərqşünaslıq İnsitutunun direktoru vəzifələrində çalışmış Sovet İttifaqı Qəhrəmanı , akademik Ziya Bünyadovun 89 illiyi idi.

Lakin bu dəfə nə görkəmli akademikin elmi əsərlərindən nədə ki, qəhrəmanlıqlarından danışacam. Məni həmişə düşündürən qəbir üstü abidəsi haqda yazacam. 

Memar Ömər Eldarovun müəllifi olduğu bu qəbir üstü abidə bu tipli bütün abidə və heykəllərdən fərqlənir. Abidəyə baxmaqla hətta Ziya Bünyadovu tanımayan bir əcnəbidə onun kimliyi haqda bu həyatda kim olduğu, necə od-alovdan kecdiyi, nece alim olduğu, nece öldürüldüyü haqda bilgi ala bilər.
Abidəyə baxarkən görkəmli akademik Ziya Bünyadovun inamla irəlilədiyi diqqəti cəlb edir. Qarşı tərəfdən əsən küləklər onun saçlarını və paltosunu dalğalandırır. Bu da akademikin axına qarşı getdiyini, sıradan biri olmadığını, haqq ədalət carçısı olduğunu göstərir. Akademikin sol əlində yarım açılı  kitab var ki, bu da şəxsin elmə bağlı biri olduğunu simvolizə edir.
   Ziya Bünyadovun sağ və sol tərəfində təxminən özü hündürlükdə daş parçaları var. Sağdakı daşın üzərinə 1941 soldakı daşın üzərinə isə 1945 rəqəmi həkk olunub. Hər iki daşda çoxlu sayda güllə oyuqları var. Bu isə Sovet İttifaqı Qəhrəmanı olan alimin ən çətin sınaqlardan mətanətlə keçdiyini, 1941-1945-ci illərdə olmuş Böyük Vətən Müharibəsinin (mən hələdə bu müharibəni Böyük Vətən Müharibəsi hesab edirəm) qəhrəmanlarından olduğunu göstərir. Lakin əsərin ən maraqlı fraqmentlərindən biri böyük alimin sol ayağının altındakı daşdan qıvrılaraq qalxan, ayağına dolanaraq onu xaincəsinə çalan ilandır.
    Ən çətin sınaqlardan çıxan alim sonda həqiqətəndə xəyanətin qurbanı oldu. Onun ölkədəki korrupsiyanı parlament tribunasından dilə gətirməsi, Müdafiə Nazirliyində 100 milyon dollarlıq yeyintidən danışması, əsgərlərin hospitallarda distrofiyadan (az qidalanmadan) ölməsi haqda faktları mətbuata çıxarması, Heydər Əliyevdən ölkədəki tayfabazlığa son qoymağı tələb etməsi böyük insanın yaşadığı evin blokunda xaincəsinə quraşdırılmış bir qəsd nəticəsində öldürülməsi ilə nəticələndi. Ziya Bünyadov elə bir şəxsiyyət idi ki, Əliyevin KQB-rejimi onun haqqında heç bir ifşaedici fakta malik deyildi. Ve heç bir böhtan ona yapışmırdı. Baxın desələr ki, Ziya Bünyadov savadsızdır buna kim inanardı? Bütün ölkə bilirdi ki, ölkəmizin tarixinin öyrənilməsində və yazılmasında ən çox xidmətləri olan məhz odur. Desəydilər ki, Ziya Bünyadov qorxaqdır bəs buna kim inanardı? Adam Sovet İttifaqı Qəhrəmanı idi. Və azsaylı şəxslərdən idi ki, bu adı cərimə batalyonunda almışdı.
   Bu abidəni dəfələrlə görsəmdə hər dəfə ora yolum düşəndə yenə bir neçə dəqiqə tamaşa edirəm.  Böyük rəssam və heykəltəraş Ömər Eldarov gələcək nəsillərə bu abidə ilə əslində ciddi bir mesaj verib. Və bu abidəyə baxdıqca məndə insan oğlunun qabiliyyətinə, istedadına hörmətim dahada artır. Daşların dili ilə onlarla kitabın deyə bilməyəcəyi fikir insanlara çatdırılıb.




Hiç yorum yok:

Yorum Gönder